aytaxtın iri ticarət mərkəzlərində işbazlar daha artıq varlanmaq məqsədilə fırıldağın yeni növlərini tətbiq etməyə başlayıb. Bu ünvanlarda artıq çoxdan bəri müşahidə etdiyimiz “şok qiymət endirimləri” kimi elanlardan istifadə olunmasa da, fırıldaqçılar Əlavə Dəyər Vergisi (ƏDV) bəhanəsi ilə istehlakçıları kütləvi şəkildə aldadırlar. Belə ki, Bakıdakı bir sıra adları bizə məlum olan (hələlik bəzi dəqiqləşdirmələrə görə konkret adları yazmırıq-red.) supermarket şəbəkələrində alıcıları şirnikləndirmək və cəlb etmək üçün qiymətlərə bir neçə qəpik endirimlər tətbiq olunur. Ancaq bu qiymət endirimləri sadəcə malların üstünü “bəzəmək” və alıcıları cəlb etmək üçündür. Belə ki, istehlakçı aldığı malları kassaya təqdim etdikdən sonra fərqli mənzərə ilə rastlaşır. Necə ki, qəzetimizin əməkdaşı da elə redaksiyanın yaxınlığında yerləşən, ancaq elə bu kimi haram əməllərinin sayəsində artıq müflisləşib fəaliyyətini dayandıran supermarketdə bu faktın şahidi olub. Məsələ burasındadır ki, ərzaq malları kassada hesablananda vitrindəki qiymətlərin üzərinə alıcının xəbəri belə olmadan ƏDV gəlinir. İstehlakçı elə zənn edir ki, hər malda “irəli düşdüyü” qəpiklər hesabına qazanıb. Lakin bir çoxlarının ağlına gəlmir ki, məsələn, 5 manat 90 qəpiklik yağın üzərinə kassada ƏDV gələndə bu yağ ona hətta bir az da baha başa gəlir. Bir sıra hallarda bu fırıldaqlardan xəbərdar olan alıcılar etirazlarını bildirir və işbazları ifşa edirlər. Hətta əməkdaşımız bu səbəbdən supermarket müdiriyyətini çağırıb və qarşı tərəfin üzrxahlığından sonra alış-veriş etmədən oradan uzaqlaşıb. “Elə bilirsən aldığın mal digər dükanlarla müqayisədə ucuzdur. Ancaq alırsan, sonra kassada 18 faizi üstünə gəlir. Düzdür, bəzi malların üstündə qiymətlər ƏDV ilə yazılır, ancaq bəzilərində qiymət ƏDV-siz olur. Özü də ən çox istehlak olunan malların - məsələn, yağ, şəkər məmulatları, çay - üstündə ƏDV-ni yazmırlar, amma kassada ƏDV-ni üstünə gəlirlər" deyə, bir istehlakçı şikayətçi redaksiyamıza bildirib.Ancaq bir sıra satıcılar səmimi söhbətlərində etiraf edirlər ki, əgər bu kimi “qurğu”lar olmasa, o halda market sahibləri bir sıra itkilərin yerini doldura bilməzlər. “Bunun vergisi, işığı, ”dinmə-ver"i, ayrı-ayrı qurumlardan gələn qonaqları var, hamısını yola salmaq lazımdır" deyə, bir həmsöhbətimiz əməkdaşımızla söhbətində bildirib. Onun sözlərinə görə, Bakıda əksər böyük market şəbəkələri bu “sistemlə” işləyir.