Xəbər verdiyimiz kimi, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayı 25.000 ilə məhdudlaşdırılıb.
İqtisadçı Razi Abbasbəyli AZXEBER.COM-a bildirib ki, Bakı şəhərində taksi sayının azaldılması və ya məhdudlaşdırılmasının əsas məqsədi tıxacların azalmasıdır:
"Hökumət hesab edir ki, intensiv hərəkətdə olan minik avtomobillərinin sayını azaltmaqla tıxacıların qarşısını almaq mümkündür. Əlbəttə ki, bu istiqamətdə atılan addımlar ardıcıl bir strateji proqram çərçivəsində həyata keçirilir.
Xatırlayırsınızsa, bir müddət əvvəl şəhərdə avtobus zolaqları çəkilməyə başladı. Bundan sonra velosiped və digər nəqliyyat vasitələrinin hərəkəti üçün əlavə zolaqlar yaradıldı ki, onlar fasiləsiz olaraq əhaliyə xidmət göstərə bilsinlər.
Növbəti mərhələdə hökumət taksilərin sayını azaltmaqla şəhərdə avtomobil sıxlığını azaltmağa çalışır”.
Ekspert deyib ki, bir sıra məqamlara diqqət yetirməliyik:
"Son 4 ildə Bakı şəhərində taksilərin sayı azaldılıb. 2024-cü ildə Bakıda 40.000 taksinin fəaliyyət göstərməsinə icazə verilirdisə, bu ilin noyabr ayından artıq bu 25.000 taksi xidmətinə icazə veriləcək. Bu isə 15.000 minik avtomobilinin fəaliyyət göstərməsinə qadağa qoyulması deməkdir. Nəzərə alsaq ki, taksi xidməti göstərən şəxslər əsasən yeni avtomobillər alırlar və bu avtomobillərin böyük əksəriyyəti kredit və ya lizinq yolu ilə əldə olunur, bu zaman əlbəttə ki, 15 min insanın mütəmadi olaraq kredit ödəməsi çətinləşir. Bu 15 min potensial bank müştərisinin problemli kreditlər siyahısına düşməsinə gətirib çıxara bilər. Nəticə etibarilə, bu 15 min insanın faktiki olaraq iş yerini itirməsi deməkdir. Əlbəttə ki, bütün bunların mənfi fəsadlarını göstərəcək”.
İqtisadçı əlavə edib ki, əgər bu proses mərhələli şəkildə həyata keçirilsəydi, həmin insanların daha az zərər görməsini təmin etmək üçün tədbirlər görülə bilərdi:
"Dünya təcrübəsində paytaxtın kateqoriyaları mövcuddur. Bakı və Bakı ətrafı ərazilərdə fəaliyyəti məhdudlaşdırılan taksilərə Bakının kənarında fəaliyyət göstərmək üçün müəyyən şərait yaradılmalı idi. Çünki onlar zərərdən tam çıxmasa da, müəyyən qədər bu zərəri kompensasiya edə bilərdilər. Təəssüf ki, bu qərar kifayət qədər sərtdir. Hazırda bir sıra kiçik və orta sahibkarlar xarici ölkələrdən yeni avtomobillər gətirərək taksi fəaliyyəti göstərirlər. Bu sahibkarlar taksi parklarını işlədirdilər. İndi həmin taksi parkları üçün yolda olan və Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin hərəkəti də çətinləşəcək və nəticədə sahibkarlar, həm 15 min sürücü, həm də xeyli sayda digər sahibkar ciddi ziyan görəcək”.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov isə vurğulayıb ki, burada əsas məqsəd Bakı şəhərinin mərkəzinə olan avtomobil axınını tənzimləməkdir:
"Həmçinin, ictimai nəqliyyatda cəlbediciliyi artırmaq və Bakı şəhəri ərazisində daşımaların daha keyfiyyətli həyata keçirilməsinə nail olmaqdır.
Bu kvota yalnız avtomobillərə tətbiq olunur, yəni taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərə aiddir. Sürücülərə isə heç bir təsiri yoxdur. Belə olan halda sual ortaya çıxır ki, əgər 25.000 avtomobil kvotası qoyulursa, deməli 25.000 sürücü işləyə bilər. Lakin bir maşını bir neçə şəxs idarə edə bilər”.
Ekspert qeyd edib ki, yeni qərarlara əsasən, taksilərin sayı dərhal kəskin şəkildə azalmayacaq:
"Hazırda Bakı şəhərində 30 mindən çox taksi fəaliyyət göstərir və onlar hələlik fəaliyyətlərini davam etdirirlər. Bu kvota yalnız Bakı şəhərinə aiddir və ümumi Azərbaycanı əhatə etmir”.
Şahanə Ziyad