Bakıda terror aktı olacaqmı? - EKSPERT CAVAB VERDİ

Bakıda terror aktı olacaqmı? - EKSPERT CAVAB VERDİ
Bütün Xəbərlər
15:06 06.09.2012
1797

Ərəstun Oruclu: “Belə bir cəhdin ola biləcəyini istisna etmirəm”

 İsrail xüsusi xidmət orqanları Bakıda bu ölkənin futbol yığmasına qarşı terror aktının törədilə biləcəyi barədə xəbərdarlıq edib. İsrailin “newsru.co.il” saytının yaydığı məlumata görə, bununla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Yığmanın üzvlərinə oteli tərk etmək qadağan edilib, komandanın oteldən ancaq xüsusi avtobusla mühafizə altında stadiona məşqə getməsinə icazə verilir. İsrail KİV-nin məlumatında deyilir ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunu üçün Bakıya gələn İsrail yığmasının mühafizəsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanları da gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Futbolçuların qarşılanması zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun bir hissəsi bağlanıb, aeroport təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. İsrail mətbuatının yazdığına görə, aeroportdan otelə yollanan avtobusu yolboyu onlarla post-patrul maşını və polis helikopteri müşayiət edib.
Qeyd edək ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-İsrail qarşılaşması sentyabrın 7-də olacaq.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ilin əvvəlində İsrail diplomatlarına və yəhudi obyektlərinə qarşı terror cəhdlərinin qarşısının alındığı barədə məlumat yayıb. İsrail xüsusi xidmət orqanları isə dünən Kip, Yunanıstan və Tailand hökumətlərinə müraciət edərək, terror təhlükəsi ilə əlaqədar İsrail obyektlərinin mühafizəsini gücləndirməyi xahiş edib.
Məsələ ilə bağlı “Üç nöqtə”yə danışan ekspert, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, belə bir cəhdin ola biləcəyini istisna etmir: “İsrail daim terorrçuların hədəfində olan bir dövlətdir. Bu, mümkündür. Digər tərəfdən hadisənin Azərbaycanda baş vermə ehtimalı da düşünməyə əsas verir. Əgər bu barədə ciddi məlumat varsa, o zaman İsrail və Azərbaycan xüsusi xidmət orqanları birgə fəaliyyət göstərməli, terrorçulıarın kimliyini və hansı mənbədən idarə olunduqlarını araşdırmalıdır”.
Onun sözlərinə görə, İsrailin İranla münasibətlərini nəzərə alsaq, ilk ağla İran gəlir: “İranın Azərbaycanda belə bir terror aktı planlaşdırması barədə dəqiq heç nə deyə bilmərəm. Bu, bir təxribat da ola bilər. İndiyə kimi Azərbaycanda İsrail diplomatlarına qarşı sui-qəsd və terror aktı törətmək üçün bir neçə cəhdin qarşısı alınıb, ümidvaram bu dəfə də təhlükəsizlik qüvvələrimiz çevik davranacaq”.
Ə.Oruclu hesab edir ki, bu məsələni siyasi polemikaya çevirmək düzgün deyil: “Terrorçular müəyyənləşdirilməli və məsuliyyətə cəlb edilməlidir. Bölgədəki proseslərin gərginləşdiyi bir zamanda istənilən an hər hansı terror aktı ilə qarşılaşa bilərik”.
OXŞAR XƏBƏRLƏR