Bakının Sabunçu rayonunda 12 yaşlı oğlan neft quyusuna yıxılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat daxil olan kimi hadisə yerinə nazirliyin xilasediciləri cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki, 12 yaşlı Vüsal İlham oğlu Ağayev fərdi yaşayış evinə yaxın olan ərazidə yerləşən, qoruyucu hasari 2 metr, diametri 8-10 metr, dərinliyi 7-8 metr və daxilində 3-4 metr çirkab suyu olan köhnə neft tullantısı quyusuna düşüb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən uşağın meyiti quyudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 18:56-da başa çatıb.