1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaq ifalarından ibarət “Bu mənəm” adlı albom işıq üzü görüb. 27 may tarixində Bakı Caz Mərkəzində albomun təqdimat mərasimi və konsert proqramı keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, “Bu mənəm” layihəsinin rəhbərləri - bəstəkarlar Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyevanın sözlərinə görə Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaq mahnılarından ibarət diskin buraxılmasında əsas məqsəd belə mahnıların təbliğinə və istedadlı uşaqlara dəstək olmaqdır.
Bildirək ki, albomun təqdimat mərasimi Bakı Caz Mərkəzinin təşkilati və “Ok” jurnalının informasiya dəstəyi ilə həyata keçirilir.
Konsertdə təqdimatla yanaşı “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi və eyni zamanda istedadlı uşaqlara dəstək aksiyası keçiriləcək.
Konsertə tanınmış müğənnilər, mədəniyyət və ictimai xadimlər, tanınan simalar qonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, alboma daxil olan mahnılar Azərbaycanı “Uşaq – Avroviziya” müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox yerli və beynəlxalq müsabiqələrin qalibləri tərəfindən ifa olunub.