Əliməmməd Nuriyev: “Bu dəhşətli mənzərəni görən kimi dərhal məsələ qaldırdıq və xəstəxana rəhbərliyi cəzalandırıldı”
Bakıda qapalı rejimli ruhi xəstəxanalardan birinin rəhbərliyi ciddi şəkildə cəzalandırılıb. Buna səbəb həmin xəstəxananın baş həkiminin göstərişi ilə ruhi xəstələrdən birinin çarpayıya bağlanması olub. Bu barədə Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, həmin qapalı xəstəxanaya baxış keçirilən zaman dəhşətli mənzərə ilə üzləşiblər: “Palataların birində gördük ki, xəstəni çarpayıya bağlayıblar. Bu dəhşətli mənzərəni görən kimi dərhal məsələ qaldırdıq, xəstəxana rəhbərliyinin bu hərəkətlərinin qanunazidd əməl olduğunu bildirdik. Dərhal da tədbir görüldü, xəstəxana rəhbərliyi cəzalandırıldı, baş həkim işdən çıxarıldı. Hələ səhv etirəmsə, cinayət işi də açılıb. Çünki öz hüquqlarını müdafiə edə bilməyən, ruhi xəstə olan birini çarpayaya bağlamaq ağır işgəncədir. Bu baxımdan, nəzərə almaq lazımdır ki, işgəncə halları həbsxanalarda, polisin saxlanma yerləri ilə yanaşı, xəstəxanalarda, uşaq bağçalarında və başqa bu kimi müəssisələrdə də qeydə alına bilər. Ona görə də bu cür məsələlərə ciddi yanaşmaq lazımdır”.
Əliməmməd Nuriyev onu da bildirib ki, artıq iki gündür Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin nümayəndələri Bakıda səfərdədir. Onlar Azərbaycanda işgəncələrlə bağlı vəziyyəti öyrəndikdən sonra hesabat hazırlayıb təqdim edəcəklər: “Onlar may ayında hesabat hazırlayıb Azərbaycan hökumətinə təqdim ediblər. Hesabat konseptual xarakter daşıdığı üçün hələlik açıqlanmır. Orada müəyyən tövsiyələr var. İndi gəliblər ki, həmin tövsiyələrin icrası ilə maraqlansınlar. Biz işgəncələrlə bağlı öhdəlik götürmüşük və buna əməl olunmalıdır. Avropa Şurasının nümayəndələri bu səfərdən sonra yekun hesabatı açıqlayacaqlar. Hesab edirəm ki, ciddi bir problem olmayacaq. Çünki onlara Azərbaycanda həbsxanalarda məhkumlarla görüşməkdən tutmuş, uşaq bağçaları, qapalı xəstəxanalar və digər aidiyyəti yerlərdə görüş keçirib araşdırma aparmaq üçün hər cür şərait yaradılıb. Bu gün Azərbaycanda həbs yerlərində 18 mindən çox insan saxlanılır. Ümumilikdə isə azadlıqdan məhrum olunanların sayı bundan bir az çoxdur. İşgəncələrə Qarşı Komitənin nümayəndələri bütün həbsxanalara baş çəkib məhbuslarla görüşüblər. Hətta onlar bir dəfə həbsxanaların birində 10 gün qalıblar və bütün məhbuslarla görüşüb vəziyyəti öyrəniblər”. (Teleqraf.com)