Rus blogerin Badamdarda yerləşən və uzun illərdir istifadəsiz qalan nəhəng tikili ilə bağlı paylaşdığı görüntülər sosial şəbəkələrdə maraq doğurub. Roma Kolizeyini xatırladan memarlıq üslubuna malik bina paytaxt sakinlərinin diqqətini yenidən bu sirli məkana yönəldib.
AZXEBER.COM mövzu ilə bağlı qısa araşdırma aparıb.
Binanın inşasına sovet dövrünün son illərində- təxminən 1980-cı illərdə başlanılıb. Bina Mədəniyyət və Konsert Kompleksi adlandırılıb.
Məlumatlara görə, həmin dövrdə paytaxtın ən böyük mədəniyyət ocaqlarından biri kimi nəzərdə tutulan kompleksdə konsert zalları, müxtəlif tədbir və mədəni proqramların keçirilməsi üçün geniş məkanların yaradılması planlaşdırılırdı.
Lakin 1991-ci ildə SSRİ-nin dağılması ilə ölkədə yaranan iqtisadi və siyasi çətinliklər səbəbindən tikinti işləri dayandırılıb. Beləliklə, layihə yarımçıq qalıb və heç vaxt istismara verilməyib.
Yarımçıq tikili Badamdar qəsəbəsində, Abbasqulu Abbaszadə küçəsinə yaxın yüksəklikdə yerləşir. İllərdir istifadəsiz qalan bina qeyri-adi memarlıq üslubu səbəbindən yerli sakinlər arasında "Kolizey” kimi tanınır.
Araşdırmalar zamanı məlum olub ki, Badamdarda yerləşən və ictimaiyyət arasında "Kolizey” kimi tanınan yarımçıq tikili müxtəlif vaxtlarda satışa çıxarılıb. Obyekt üçün elanlarda 9 milyon manat və daha yüksək qiymətlər göstərilib.
Daşınmaz əmlakın satışı ilə məşğul olan şirkətlərin paylaşdığı elanlara əsasən, tikili bir neçə dəfə alıcılara təklif edilib. Daha sonra satışa çıxaran şirkətlərdən biri sosial şəbəkə hesabında obyektin satıldığını açıqlayıb.
Lakin hazırda tikilinin kim tərəfindən alındığı, yeni sahibinin kim olduğu və obyektin gələcək təyinatının necə olacağı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Şahanə Ziyad











































