Bununla əlaqədar, qatarlar “Məşədi Əzizbəyov” stansiyasında dayanmadan hərəkət edəcəklər. Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiya dekabr ayında təkrar istifadəyə açılacaqdır. Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılacaq, həmçinin yeni giriş və çıxışlar açılacaqdır. Bu məhdudiyyətlərlə əlaqədar, son dayanacağı “Məşədi Əzizbəyov” stansiyasının qarşısında olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilmişdir. Dayanacaqlar müvəqqəti olaraq metronun “Ulduz” stansiyasının qarşısına köçürüləcəkdir.