Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Texniki Humanitar liseydə keçilən müəllim-valideyn aksiyası ilə bağlı açıqlama veriblər.
İdarədən ANS PRESS-ə verilən məlumata görə, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib:
"Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılmış və müəyyən sualların proqramdan kənar olması aşkarlanıb. Monitorinqin nəticələri ləğv edilib. Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb. Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil".
Qeyd edək ki, bu gün Bakıda müəllimlərin və narazı valideynlərin etiraz aksiyası keçirilib. Aksiya Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseydə keçirilib. Etirazçıların sözlərinə görə, aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar.
Valideynlər isə bir neçə gün öncə liseydə aparılan monitorinq imtahanın nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.