Bakıda qarlı-şaxtalı hava "Bakıelektrikşəbəkə" SC-nin işində ciddi problem yaratmayıb. Bu barədə çərşənbə günü SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
"Bakıda elektrik enerjisinin paylanması ilə bağlı vəziyyət normaldır", - Mustafayev deyib.
Onun sözlərinə görə, bu günlərdə elektrik enerjisinə artan tələbat tamamilə təmin edilir.
"Havanın pisləşməsi ilə əlaqədar son günlərdə elektrik enerjisinə tələbat yarıdan çox artıb", - Mustafayev qeyd edib.
SC-nin mətbuat xidmətinin rəhbəri əhalini elektrik enerjisi təchizatında hər hansı problem yaranarsa, 199 nömrəli "qaynar xətt"ə zəng etməyə çağırıb.
Onun sözlərinə görə, "Bakıelektrikşəbəkə" gücləndirilmiş rejimdə işləyir.
Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.
Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.
Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.