Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Abşeron rayonunda regionların sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirib.
“Bakıətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi və təbliği” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon ictimaiyytinin, yerli hakimiyyət orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, media nümayəndələri iştirak edib. “Sosial-iqtisadi inkişafın əhəmiyyəti və bu proqramın icrasının vətəndaşların sosial problemlərinin həllində rolu” mövzusunda keçirilən tədbiri BMAM-ın rəhbəri Rufiz Qonaqov açararaq, layihə haqqında məlumat verib. O, bildirib ki, ölkədə regionların sosial-iqtisadi inkişafı kompleks şəkildə həyata keçirilir. Xüsusi ilə 2003-cü ildən sonra bu proses sürətlənmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Cənab Prezidentin imzaladığı bütün bu fərman və sərəncamlarda əsas məqsəd ölkə əhalisinin, o cümlədən Bakı əhalisinin, Bakıətrafı qəsəbə sakinlərinin sosial-iqtisadi problemlərinin həll edilməsi, işsizliyin aradan qaldırılması, qəsəbələrin inkişaf planı, müxtəlif infrastrukturların yaxşılaşdırılması olmuşdur.
Bu fərman və sərəncamlardan irəli gələn müvafiq işlər yerinə yetirilsə də, nəzərdə tutlan inkişaf göstəricisini əldə etmək və daha inkişaf etdirmək üçün cənab prezident ölkənin paytaxtı və onun ətraf qəsəbələrində müasir infrastruktur layihələrinin gerçəkləşdirilməsini vacib sayaraq, 4 may 2011-ci il tarixdə 1490 nömrəli sərəncamla “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planını təsdiqləmişdir. Bu proqramın qəbulunda da əsas məqsəd sosial problemlərin həlli, yoxsulluğun azaldılması, infrastrukrurun yaxşılaşdırılması və müasir, dünya standartlarına uygunlaşdırılmasıdır. Bizim də məqsədimiz bu proqramların təbliğinin aparılması və ölkədəki sürətli inkişafın əhaliyə çatdırılmasıdır. Artıq layihədə nəzərdə tutulduu kimi təşkilat rəhbərliyi bu proqramın piarına başlayıb. “Facebook” sosial şəbəkəsində İnkişaf Qrupu adlı bir qrup yaradılıb. Görülən işlər burada şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır və bundan sonra da çatdırılacaqdır..
Daha sonra layihə çərçivəsində layihənin icra planına əsasən görülən işlərin monitorinqi ilə bağlı layihənin eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov məruzə etmişdir. O, bildirmişdir ki, monitorinq zamanı Tədbirlər Planının qrafikinə əməl edilib-edilməməsi tərəfimizdən araşdırılıb. Bunun üçün biz Abşeron rayonunda görülən və görüləcək işlərlə tanış olmuşuq və görülən işlərlə Tədbirlər Planının uzlaşıb-uzlaşmamsını araşdırmışıq. Monitorinq zamanı aydın olmuşdur ki, bütün işlər əsasən qrafikə uyğun yerinə yetirilib. Daha sonra ekspert görülən işlərlə bağlı məlumat verib. O, bildirib: “Bu dövr ərzində rayonda bir bir sıra ciddi işlər görülüb və bütün bunlar Dövlət Proqramına və təsdiq olunmuş Tədbirlər Planına uyğun, vaxtında yerinə yetirilib. Bu da Fərmanın icrasına məsuliyyətlə yanaşıldığının göstəricisidir”.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin ictimai və siyasi təşkilatlarla iş şöbəsinin müdiri Fəda Ağayev bildirmişdir ki, rayon icra hakimiyyəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini özünün bir nömrəli vəzifəsi hesab edir. Bu proqramın reallaşması üçün bütün gücümüzlə işləmişik. Sizə də təşəkkür edirik ki, işimizi qiymətləndirirsiniz.
Daha sonra məruzə və çıxışlar ətrafında tədbir iştirakçılarının fikirləri dinlənilmiş, münasibətləri öyrənilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcra Katibliyinin məsləhətçisi Gülsəba Ələsgərova, Rayon İcra Hakimiyyəti Başçısının müavini Mirzə Aslanov, yerli və ölkə miqyaslı KİV-lərin rəhbərləri və başqaları iştirak etmişdir