Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Azərbaycan və Türkiyə əlaqələri bu gün də yüksələn xətlə inkişaf edir. İstər Vətən müharibəsindən əvvəl, istərsə də sonra iki ölkə arasında imzalanan çoxsaylı sənədlər, qardaş dövlətlərin bir-birinə nümayiş etdirdiyi dəstəyin və birliyin göstəricisidir.
Bakının işğaldan azad edilməsində Nuru paşa adı isə xüsusi hörmət və ehtiramla xatırlanır. Çünki həmin çətin və mürəkkəb zamanda Azərbaycanın bir çox regionlarını düşməndən təmizləmiş Qafqaz İslam Ordusuna məhz bu igid komandan rəhbərlik edirdi.
Bəs Nuru Paşa kimdir?
Nuru paşa 1889-cu ildə İstanbulda anadan olub. 1934-cü ildə Türkiyədə sosial, mədəni sahələrdə islahatlar başlananda özünə Killigil soyadını götürmüşdü. O, Birinci Dünya müharibəsi illərində Şimali Afrikada olan Osmanlı ordusu tərkibində xidmət keçir. Liviya ərazisində cəbhə komandanı kimi fəaliyyət göstərir. Onun komandan kimi yüksək hərbi istedadı da bu döyüşlərdə üzə çıxır. Liviya cəbhəsində nümayiş etdirdiyi igidliklərə görə Nuru paşa minbaşı rütbəsinə, "Altun ləyaqət” medalına, Almaniyanın "Dəmir xaç” medalına layiq görülür.
Nuru paşanın hərbi xidmətinin ən mühüm dövrü isə Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlıdır. Bu, Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər idi.
Nuru Paşa 1949-cu il martın 2-si, saat 16:30-da özünə məxsus "Sütlüce” silah zavodunda meydana gələn partlayış nəticəsində həlak olub.
Partlayışla bağlı ilkin məlumatlarda hadisənin texniki təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verdiyi bildirilib. Qeyd edilirdi ki, partlayıcı maddələrin saxlandığı anbarda temperaturun normadan yüksək olmasına diqqət yetirilməməsi belə bir faciə ilə nəticələnib.
Partlayışın ərazidəki kimyəvi maddələr saxlanan otaqlara da təsir göstərməsi nəticəsində baş verən yanğın isə faciənin miqyasını daha da böyüdüb.
Məlumata görə, Nuru Paşa partlayış zamanı zavodda öz kabinetində olub. Hadisədən həmən sonra partlayış ərazisinə gələn Nuru Paşa işçilərin təhlükəsizliyi üçün lazımi göstərişlər verir.
Növbəti partlayışların qarşısını almağa çalışan Nuru Paşa 2 min ədəd minanın saxlanıldığı anbara keçməyə cəhd edir. Lakin yanğının təsiri ilə baş verən növbəti partlayışın qarşısını almaq mümkün olmur və Nuru Paşa da bu zaman həyatını itirir. Faciə zamanı Nuru Paşa da daxil olmaqla, 26 nəfər həlak olur.
"Sütlücə” silah zavodunda baş vermiş faciənin təsadüfi partlayış, yoxsa Nuru Paşanın fiziki məhvinə hesablanmış sui-qəsd olması ehtimalları ətrafında mübahisələr səngimir. Fakt isə dəyişməz qalır: "Sütlücə”dəki partlayış Türk dünyasının böyük şəxsiyyəti, əfsanəvi komandan, Azərbaycan istiqlalının alovlu müdafiəçisinin həyatına son qoydu.
Təxminən bir əsrdən sonra Azərbaycanın Vətən müharibəsindəki zəfəri, Azərbaycan-Türkiyə qardaşlığının, bir-birinə güvəninin təntənəsi ilə Nuru paşanın da ruhu şad oldu.
Ayşən