20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakının bir sıra mərkəzi küçələrində hərəkətə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, yanvarın 20-də saat 08:00-dən 19:00-dək, yəni mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.