Son günlər Bakı şəhərində nəqliyyat sıxlığının yenidən artdığı müşahidə olunur. Xüsusilə səhər və axşam pik saatlarında paytaxtın əsas prospekt və küçələrində avtomobil axınının intensivləşməsi sürücülər üçün ciddi çətinliklər yaradır.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AZXEBER.COM-a açıqlamasında deyib ki, Bakıda və paytaxt ətrafında sıxlıqla bağlı yenilik yoxdur:

"Bakıda və paytaxt ətrafında sıxlığın səbəbləri əsasən əvvəlki illərdə olduğu kimidir, yəni bu sahədə ciddi yenilik yoxdur. Sadəcə bəzi fərqli məqamlar mövcuddur. Bu fərqlər ondan ibarətdir ki, son günlər yağan güclü yağışlardan sonra bəzi yollarda problemlər yaranıb. Çalalar və digər nasazlıqlar hərəkət ritminə ciddi təsir edir, müəyyən yolların və istiqamətlərin keçilməsində çətinlik yaradır. Bu problemlər qısa müddətdə aradan qaldırılmalıdır ki, nəqliyyatda əlavə çətinliklər yaranmasın. Bundan başqa, bəzi ərazilərdə tikinti və yenidənqurma işləri aparılır ki, bu da hərəkətə təsir göstərir. Yaz mövsümündə bu cür işlərin intensivliyi artır. Çünki büdcədən maliyyələşən təşkilatlar adətən ikinci rübdən etibarən layihələri daha aktiv şəkildə həyata keçirməyə başlayırlar. Hazırda Tbilisi prospektində işlər davam edir və Nərimanov ərazisində işlər uzun müddətdir ki, aparılır. Həmin proses də nəqliyyatın intensivliyinə və fasiləsizliyinə mənfi təsir göstərir”.
Ekspert deyib ki, sıxlığın bəzi müvəqqəti səbəbləri də var:
"Digər bir məqam isə bayramlardan sonrakı dövrdə insanların aktivliyinin artmasıdır. Bayram günlərində görə bilmədikləri işləri qısa müddətdə həll etməyə çalışdıqları üçün şəhərdə hərəkətlilik müvəqqəti olaraq yüksəlir. Lakin bu hal uzun çəkmir və təxminən 10 gün ərzində əvvəlki ritm bərpa olunur. Bundan əlavə, artıq toy mövsümü başlayıb. Xüsusilə həftə sonları – şənbə və bazar günləri axşam saatlarında toy və digər tədbirlərlə əlaqədar sıxlıq artır. Lakin bunlar müvəqqəti, yəni keçici səbəblərdir”.
O vurğulayıb ki, əsas, fundamental səbəblər isə dəyişməz qalır:
"Əsas, fundamental səbəblər isə dəyişməz qalır. Bunlara ictimai nəqliyyatın zəifliyi, əhalinin alternativ nəqliyyat vasitələrindən istifadə imkanlarının məhdudluğu, bəzi yollarda "dar boğaz” effektinin mövcudluğu, eləcə də şəhərin giriş-çıxışlarının sayının az olması və mövcud infrastrukturun artan sərnişin axınının öhdəsindən gələ bilməməsi daxildir. Bu problemlərin həlli üçün ciddi addımlar atılmalıdır. İctimai nəqliyyat sistemi inkişaf etdirilməli, əhali üçün alternativ mobillik imkanları yaradılmalıdır. Piyadaların rahat hərəkəti üçün şərait yaxşılaşdırılmalı, mikromobillik vasitələri – məsələn, velosiped və skuterlər üçün uyğun infrastruktur qurulmalıdır”.
Ə.Hüseynov qeyd edib ki, məskunlaşma ilə bağlı problemlər də mövcuddur:
"2025-ci ilin yanvar ayında bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub. Həmin proqram çərçivəsində ictimai nəqliyyatın inkişaf etdirilməsi, şəhərin giriş-çıxışlarının yaxşılaşdırılması və digər mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə işlər daha sürətli və effektiv şəkildə aparılmalıdır. Yeni metro stansiyaları tikilməli, avtobus marşrutları daha geniş şaxələndirilməli, avtobusların sayı artırılmalı, hərəkət qrafikləri yaxşılaşdırılmalıdır. Eyni zamanda, məskunlaşma ilə bağlı problemlər də mövcuddur. Bakının ətrafında yüz minlərlə insan yaşayır, lakin həmin ərazilərdə kifayət qədər məktəb, iş yeri və sosial infrastruktur yoxdur. Nəticədə insanlar kütləvi şəkildə paytaxta üz tutur. Bunun qarşısını almaq üçün sosial-iqtisadi tədbirlər həyata keçirilməlidir. Regionlarda məktəblər tikilməli və mövcud təhsil infrastrukturu yaxşılaşdırılmalıdır. Yeni iş yerləri yaradılmalı, biznes imkanları genişləndirilməlidir. Regionların inkişafı təmin olunmalıdır ki, insanlar rifahlarını yalnız Bakıda deyil, digər bölgələrdə də qura bilsinlər”.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bu səbəbdən prospektdən "Koroğlu” metostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar” dairəsi , Moskva və Tiflis proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi "20 Yanvar” metrostansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Şahanə Ziyad