Bakının bu ərazilərində evlərə tələbat çoxaldı: qiymətlər sürətlə artır - SİYAHI

Bakının bu ərazilərində evlərə tələbat çoxaldı: qiymətlər sürətlə artır - SİYAHI
SOSİAL
13:11 03.06.2026
572
Yay mövsümünün başlaması ilə bağ evlərinə tələbat sürətlə artır. Həm Bakıətrafı qəsəbələrdə, həm də turizm bölgələrində kirayə və satış qiymətlərinin yüksəldiyi müşahidə olunur. Bəzi ərazilərdə bağ evləri aylar əvvəldən bron edilir, bu da qiymətlərin daha da bahalaşmasına səbəb olur.

Bu il qiymətlərdə ötən illərlə müqayisədə nə qədər dəyişiklik müşahidə olunur?
 
AZXEBER.COM Globalinfo.az-a istinadən xəbər verir ki, əmlak üzrə ekspert Anar Nəsirov Azərbaycanda əmlak bazarının dünyanın əksər ölkələrində olduğu kimi tələb və təklif prinsipi əsasında formalaşdığını bildirib.

"Tələb artdıqca qiymətlər yüksəlir, təklif çoxaldıqda isə qiymətlərdə enmə müşahidə olunur. Kirayə mənzil bazarında 2019-cu ildən başlayan qiymət artımı hələ də davam edir. Hazırda kirayə götürmək istəyənlərin sayı kirayə verənlərdən çox olduğundan bazarda qiymətlər hər il müəyyən faizlə yüksəlir. Bunun əsas səbəblərindən biri Bakıda pilot layihələr çərçivəsində aparılan söküntü işləridir. Sökülən binaların sakinləri yeni binalar tikilənədək kirayə mənzillərlə təmin olunur. Əvvəllər kirayə mənzillər orta hesabla bir ildən sonra yenidən bazara qayıdırdısa, hazırda yeni binaların tikintisi 2-3 il çəkdiyindən həmin mənzillər uzun müddət bazardan kənarda qalır. Bu isə kirayə mənzil çatışmazlığını daha da artırır. Bundan əlavə, sökülən binalarda əvvəllər kirayəyə verilən mənzillərin də bazardan çıxması qiymətlərə təsir göstərir”.

Ekspert bildirib ki, yay mövsümünün başlaması ilə kirayə bazarında əlavə canlanma müşahidə olunur:

"Xüsusilə Mərdəkan, Şüvəlan, Novxanı və digər dənizkənarı ərazilərdə, eləcə də istirahət üçün əlverişli bölgələrdə kirayə mənzillərə, bağ evlərinə, villalara, koteclərə tələbat artır. İnsanlar bu evləri əvvəlcədən bron etdikləri üçün həmin ərazilərdə həm günlük, həm də aylıq kirayə qiymətləri yüksəlir. Qiymət artımının əsas səbəbləri ümumi kirayə bazarında mövcud olan çatışmazlıq və yay mövsümündə istirahət məqsədilə kirayə evlərə artan tələbatdır. Bu səbəbdən Bakı və ətraf qəsəbələrdə, turistik bölgələrdə kirayə qiymətlərində artım müşahidə edilir”.

Onun sözlərinə görə, yay mövsümü ilə bağlı qiymət artımı sentyabr ayının sonlarına qədər davam edəcək:

"Xüsusilə bağ evləri, villalar və dənizə yaxın ərazilərdə yerləşən kirayə obyektlərində qiymətlərin yüksək qalacağı gözlənilir. Eyni zamanda, yeni tədris ilinin başlanması ilə Bakıda kirayə mənzillərə tələbat daha da artacaq. Bazarda kirayə mənzillərin sayının məhdud olması, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrin paytaxta axını qiymətlərə əlavə təzyiq göstərəcək. Buna görə də ilin sonuna qədər kirayə bazarında qiymət artımının davam edəcəyini düşünürəm. Rayonlarda da, xüsusilə Bakıətrafı və dənizə yaxın istirahət zonalarında mövsümi tələbatın yüksək olması səbəbindən bağ evləri, villalar, koteclərin qiymətlərində artım gözlənilir”.

OXŞAR XƏBƏRLƏR