Bakının bu rayonlarında torpaq və mənzillər bahalaşacaq

Bakının bu rayonlarında torpaq və mənzillər bahalaşacaq
SOSİAL
02:29 08.10.2026
81
"Bu ay Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarında və Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənilir”.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu rayonlarda infrastrukturun yenilənməsi, söküntü işlərinin aparılması və əhalinin daha çox cəmləşməsi qiymət artımını şərtləndirən əsas amillərdəndir. Yeni ailələrin yaranması və dərs ilinin başlaması da bazarda alıcı və kirayəçi tələbinə təsir göstərir.

"Yeni tikintilərin maya dəyərinin artması, torpaq sahələrinin məhdudluğu və daşınmaz əmlakın investisiya cəlbediciliyini qoruması il ərzində qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır. Payız aylarında alıcı və kirayəçi tələbələrin artması da satış qiymətlərinə təsir edir”, – deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, oktyabrda, eləcə də noyabr və dekabr aylarında bahalaşmanın ilk növbədə, torpaq sahələrində müşahidə olunacağı proqnozlaşdırılır. Torpaq təklifinin məhdudluğu bu əmlak növündə qiymət artımının digərləri ilə müqayisədə daha yüksək olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, tikinti xərclərinin yüksəlməsi təməl mərhələsində olan binalardakı mənzillərin qiymətlərinə də təsir göstərəcək. Yeni tikililərdə isə tələbin artması əlavə bahalaşma amili kimi çıxış edir.

"Köhnə binaların sökülməsi, qəzalı vəziyyətdə olması və istismar müddətini başa vurması vətəndaşların yeni binalara üstünlük verməsinə gətirib çıxarır. Daha çox müraciət olunan istiqamət kimi yeni tikililərdə mənzillərin qiyməti artacaq”, – deyə o vurğulayıb.

V. Oruc fərdi yaşayış evlərində də bahalaşma gözlənildiyini bildirib. O bunu həmin evlərin qiymətini formalaşdıran hər iki komponentin – torpağın və tikintinin dəyərinin artması ilə əlaqələndirib.

Ekspert kənd təsərrüfatı torpaqlarına da diqqət çəkərək, torpaqların konsolidasiyası ilə bağlı qərardan sonra böyük torpaq sahələrinin qiymətində ciddi artım gözlədiyini deyib.

Ucuzlaşma ehtimalına gəlincə, AQC sədrinin sözlərinə görə, daşınmaz əmlak bazarında hər hansı istiqamət üzrə kəskin qiymət enməsi proqnozlaşdırılmır. Bununla belə, qeyri-yaşayış sahələrində qiymət artımının daha zəif olacağı, qiymətlərin sabitliyə meyil göstərəcəyi gözlənilir.

O bildirib ki, bəzi obyektlərin bağlanması və biznes kreditləri üzrə faizlərin yüksəkliyi kommersiya sahələrinə tələbi müəyyən qədər azalda bilər.

"Bu amillər oktyabr, noyabr və dekabr aylarında qeyri-yaşayış sahələrinin qiymət artımını məhdudlaşdıra bilər. Bəzi hallarda bazara təklif olunan obyektlərin icarə qiymətlərində 5–7 faizlik güzəştlərin edilməsi də mümkündür”, – deyə V.Oruc əlavə edib.
OXŞAR XƏBƏRLƏR