Neftçi" - "Bakı" oyunundan sonra dava düşüb.
Qarşılaşmadan sonra "Bakı"nın futbolçusu Elvin Əliyev döyülüb.
Üz-gözü qan içində olan futbolçunun kimin tərəfindən vurulduğunu bilmir: "Məni kimin vurduğunu dəqiq bilmirəm. Yalnız onun mülki geyimdə, idmançı görkəmli biri olduğunu bilirəm".
"Neftçi" və "Bakı"nın rəsmiləri hadisəni araşdırmaq üçün Elvinlə birlikdə "Neftçi"nin bazasına yollanıb.
Bu arada "Bakı" baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Klubun açıqlamasında deyilir: "Oyundan sonra yaşanan olaylar bizi üzdü. Futbolçumuzun təzyiqə məruz qalması idman prinsiplərinə yad, Azərbaycan idmanina yaraşmayan hərəkət kimi dəyərləndirildi. Olaydan dərhal sonra klub rəhbərləri bir araya gələrək oyundan sonra yaşanan hadisələri analiz edib və münasibət bildiriblər. Hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqini tapıb, tərəflər bütün məsələlərə aydınlıq gətiriblər. "Bakı" futbol klubu "Neftçi" rəhbərliyinin səmimiyyəti və operativ reaksiyası nəticəsində klub rəhbərliyinin üzrhaqlığını və günahkarların aşkaqlanaraq cəzalanacağı vədini qəbul edir. "Neftçi" - "Bakı" qarşılaşmasından sonra yaşanan halların bir daha təkrarlanmaması ümidi ilə məsələnin bağlandığını bildirir".
"Neftçi" rəhbərliyinin adından isə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu açıqlama verib. Klub rəsmisi bildirib ki, futbolçunu "Neftçi" mühafizəçiləri döyməyib. Həmin vaxt hadisə yerində "Neftçi"nin nə futbolçularından, nə də mühafizəçilərindən kimsə olub.