Xəbər verdiyimiz kimi, dünən Səbail rayonu ərazisində polislə vətəndaş arasında insident baş verib.
Məlumata görə, polis serjantı Aqşin Babayev hadisə yerində xidmət apararkən baş verib. Dağüstü parkda asayişi qoruyan polis əməkdaşı burada qızla sevişən bir gəncə xəbərdarlıq edib və ictimai nizam-intizama dəvət edib. Lakin həmin şəxs polislə mübahisəyə başlayıb. Daha sonra isə “Kia Rio” markalı avtomobilinə minərək polisi vurub. Həmin şəxs dərhal ərazidən uzaqlaşıb. Bu hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri polis serjantının, bəziləri isə vətəndaşın haqlı olduğunu deyib. Bəs görəsən, ictimai yerlərdə öpüşmək asayişin pozulmasıdır? Gün.Az bununla bağlı hüquqşünas Mehman Muradlının mövqeyini öyrənib. O deyib ki, öpüşmək asayişin pozulması hesab oluna bilməz. “Qanunvericilikdə ictimai asyaiş nədir sualına isə hüquqşunas belə cavab verib: Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulub”. Hüquqşünas həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində avaralıqla məşğul olma maddəsi var. “Əgər polis hesab etsə ki, öpüşmək avaralıqla məşğul olmaqdır, o halda inzibati cərimə tətbiq edə bilər”. Avaralıq nədir? sualna isə Mehman Muradlı belə cavab verib: “Avaralıq deyəndə əslində müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür”. Gün.Az məsələylə bağlı polis serjantlarından biriylə də söhbətləşib. Adının açıqlanmasını istəməyən polis əməkdaşı bu haqda deyib: “Cəmiyyətdə yazılmamış qanunlar var. Camaat içində öpüşmək də etik sayılmır. Dəfələrlə olub ki, insanlar bizə yaxınlaşaraq öpüşən gənclərdən şikayət ediblər. Biz də onlara yaxınlaşaraq bunun düzgün olmadığını demişik. Əgər onlar bizə müqavimət göstərsələr və ya razılaşmasalar o zaman qanunvericilikdə göstərilən müddəalara uyğun hərəkət edirik”. Bəs görəsən, vətəndaşlar bu haqda nə düşünür? Bakı sakini Eyvaz Əliyev deyir ki, parklarda öpüşən insanlara pis baxır: “Camaatın anası-bacısı var, bu nə hərəkətdir edirlər hamının yanında? Əgər öpüşmək istəyirlərsə gedib evlərində öpüşsünlər. Bu milli mentalitetimizə ziddir. Mən belə insanlar görəndə onlara nifrətlə baxıram”. Ceyhun Məmmədov isə deyir ki, bu normaldır və heç kəsin şəxsi həyatına qarışmaq olmaz: “Camaat özü bilər nə işlə məşğuldur. Heç kim heç kimə müdaxilə edə bilməz. Mən istəyərəm sevgilimlə öpüşərəm, istəyərəm də söhbətləşərəm. Polis bizə müdaxilə etməməlidir”. Göründüyü kimi, bu məsələyə münasibət cəmiyyətdə birmənalı deyil. Qanunvericilikdə bununla bağlı boşluğun olması çox vaxt polis-vətəndaş qarşıdurmasına gətirib çıxarır. Bu məsələdə kimin haqlı, kimin haqsız olmasını demək çətindir. Ancaq yaxşı olardı ki, vətəndaşla polis belə məsələlərdə ortaq məxrəcə gəlməyi bacarsınlar. Hacıbəy Heydərli