Bakıya tonlarla keyfiyyətsiz kosmetika məhsullar gətirilib
Bütün Xəbərlər
01:37 29.03.2012
2083
Bakıya tonlarla keyfiyyətsiz kosmetika məhsullar gətirilibHəkimlər keyfiyyətsiz kosmetik vasitələrin hətta xərçəngə də səbəb ola biləcəyini deyir; Müvafiq qurumlar isə “araşdırma aparırıq” söyləməklə kifayətlənirSon vaxtlar Bakıda kosmetika və ətriyyat məhsullarının pərakəndə satışında canlanma müşahidə olunur. Metro stansiyalarının çıxışında, avtobus dayanacaqlarının ətrafında, bazarların girişində, məktəblərin qarşısında bu işlə məşğul olanların sayının artması da bununla bağlıdır. Əllərində kosmetika məhsulları səhərdən axşamadək həyətləri dolaşan Çin və Hindistan vətəndaşlarının da sayı getdikcə artır. Əgər əvvəllər belə məhsullar ancaq paytaxtda satılırdısa, indi rayonları, kəndləri də bürüyüb. Hətta kəndbəkənd dolaşıb ucuz qiymətə mənşəyi məlum olmayan Türkiyə və Çin istehsalı olduğu iddia edilən ətriyyat və kosmetik məhsullar satanlar da var. Ən qəribəsi də odur ki, insanlar bu məhsulların ucuzluğuna aldanıb, onları “bəh-bəh”lə alırlar. Dermatoloqlar bu cür keyfiyyətsiz məhsullar nəticəsində, xüsusilə, gənclər arasında dəri xəstəliklərinin artdığını vurğulayırlar. Onların sözlərinə görə, dərisinə ləkə düşənlərin, allergiyadan şikayətlənənlərin sayının artması məhz mənşəyi məlum olmayan kosmetik məhsulların nəticəsidir. Üstü bəzək, içi...Kosmetika bu gün dünyanın ən gəlirli sahələrindən biridir. Asan gəlir əldə etmək istəyən bir çox “işbazlar” insan sağlamlığı bahasına olsa belə, dünyanın brend markalarını saxtalaşdırmaqdan çəkinmirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən, mağazalarda yüngülvari müşahidə kifayət edir ki, külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsulların satılmasına şahid olasan.Əsasən Çində istehsal edilən saxta kosmetikanı orijinaldan ayırmaq o qədər də çətin deyil. Belə ki, saxta məhsullar çox ucuz qiymətə təklif olunur, qablaşdırılması və təqdimatı primitiv olur, keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır. (Məsələn, saxta ətiri paltarınıza vuraraq 5 dəqiqə gözləyə bilərsiniz, bu müddətdə həmin yerdə ətir iyindən əsər-əlamət qalmayacaq), saxta malların sənədləri və firma zamanəti olmur.Belə məhsullar metrostansiyalarda, bazarlarda, yarmarkalarda, belə demək olarsa, ayaqaltında kütləvi şəkildə satılır. Belə məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti belə göstərilmir. Orijinalı kifayət qədər baha olan saxta gözəllik məhsulları belə yerlərdə cəmi bir neçə manata təklif edilir. Bu yerlərdə bu vasitələrin pərakəndə satışı ilə məşğul olan bəzi satıcılar isə məhsullarını “firma malı” adlandıraraq keyfiyyətli olduğunu iddia edirlər. Onlar bu vasitələri tanınmış firmaların Azərbaycandakı nümayəndəliklərindən, topdansatış mərkəzlərindən, bəziləri isə Qaradağ yarmarkasından aldıqlarını deyirlər.“Biz vaxtı keçən məhsulları qaytarırıq, satışdan çıxarırıq. Hələ heç kim bizə aldığı malın keyfiyyətsiz olması ilə bağlı şikayət etməyib”, - deyə adının çəkilməsini istəməyən satıcılardan biri bildirdi.Təəssüf ki, bu saxta kosmetik vasitələr ucuz olması ilə əlaqədar elə kütləvi şəkildə də xanımlarımız tərəfindən alınır. Daxilə qəbul olunmayan və bəzək kimi istifadə olunan bu vasitələrin nə qədər təhlükəli olması barədə düşünən, yəqin ki, çox azdır.Ekspertlər həyəcan təbili çalırlarİqtisadçı-ekspert Rizvan Nərimanoğlu belə ucuz kosmetika məhsullarını alanların halına acıdığını söylədi. R.Nərimanoğlu deyir ki, bu sahədə əhali arasında maarifləndirmə işləri aparılmadığından insanlar kortəbii olaraq saxta ətriyyat və kosmetika məhsullarına maraq göstərirlər: “Gedin bazarlara, ticarət mərkəzlərinə kənardan tamaşa edin, görün insanlar saxta ətirləri necə alırlar”. Mütəxəssis deyir ki, keyfiyyət problemi təkcə küçədə satılan kosmetik məhsullara aid deyil. Onun sözlərinə görə, ölkəmizdə satışa çıxarılan kosmetik məhsulların 80 faizi bu vəziyyətdədir. Onun sözlərinə görə, üzərində istehsal tarixi, yararlılıq müddəti göstərilməyən kosmetik məhsulları almaq olmaz: “Alıcılar ətir seçərkən onun qablaşdırılmasına diqqətlə fikir verməlidirlər. Əgər kustar üsulla hazırlanıbsa, demək, ətir saxtadır. Keyfiyyətsizlik göstəricilərindən biri də belə ətirlərin çox aşağı qiymətə satılmasıdır”. R.Nərimanoğlu da hər il ölkəmizə tonlarla belə məhsul gətirildiyini və bazarda sərbəst şəkildə satışa çıxarıldığını söylədi.Dermatoveneroloq, kosmetoloq Ramil Qocayev deyir ki, belə keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Saxta kosmetika və parfümeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir. R.Qocayev keyfiyyətsiz kosmetik vasitələrin mənfi təsiri ilə bağlı ona çox sayda xəstənin müraciət etdiyini deyir: “Bizə ənlik, kirşan, tonal krem, sürmənin yaratdığı problemlərlə bağlı şikayət edənlər var. Əsasən allergiyalar, üzdə olan səpkilər, dərinin qırışması, ləkə düşməsi ilə bağlı müraciət edirlər. Gözlərlə bağlı yaranan problem arasında isə ən çox göz qapaqlarının şişməsi, qızarması, gözaltı torbanın yaranması, qırışların, qazayaqlarının meydana gəlməsi daha tez-tez baş verir”.Dermatoveneroloqun sözlərinə görə, kosmetik vasitələr üzdə olan tük folekullarına da böyük təsir edir. Folekulların ağzı qapanır ki, bu da sızanaqların yaranmasına yol açır. “Tüklərin dibində piy vəzləri var. Onlar üzə çıxa, üzü yağlandıra bilmir və nəticədə sızanaqlar əmələ gəlir”, - deyə dermatoveneroloq qeyd etdi.Həkimin sözlərinə görə, keyfiyyətsiz kosmetik vasitə hətta xərçəngə də səbəb ola bilər: “Bədəndə melanomaya meyillilik (şiş xəstəliyi, dəri xərçəngi) olduqda yaxşı qoruyucu vasitə olmasa, günəş şüasi melanomanın əmələ gəlməsinə yol aça bilər. Qıcıqlandırıcı vasitə isə şiş xəstəliyinin əmələ gəlməsini sürətləndirə bilər”.Lakin kosmetik vasitələrin fəsadları özünü həmin an göstərməyə də bilər. R.Qocayev bunun ya gecikmiş, ya da ani ola biləcəyini qeyd edir.Rəsmilər nə deyirlər?Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə dövlət qurumu olaraq sertifikatlaşdırma idarələri ilə yanaşı, bu sahədə artıq maraqlı, özəl təşkilatlara da səlahiyyət verildiyini bildirdi. Kosmetik vasitələrin məcburi sertifikatlaşdırılmalı məhsullar siyahısına daxil olduğunu deyən qurum rəsmisi sahibkarların özlərinin məhsullarını satışa çıxarmazdan öncə sertifikatlaşdırmalı olduqlarını qeyd etdi.“Bizim tərəfimizdən külli miqdarda keyfiyyətsiz kosmetik vasitələrin satışının qarşısı alınıb, idxalının dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edilib. Şəhərin müxtəlif rayonlarında keyfiyyətli və tanınmış firmalar, markalar adı altında saxtalaşdırılmış məhsullarının satılması faktı tərəfimizdən mütəmadi olaraq alınır. Dövlət nəzarəti idarələri vaxtaşırı bu sahədə araşdırma aparırlar”, –deyə F. Talıblı bildirdi.Amma görünən odur ki, bu addımlar ölkəmizdə saxta kosmetik vasitələrin satışının qarşısını ala bilməyib. Qeyd edək ki, komitə tərəfindən aprelin 4-də akreditasiyadan keçirilən “Kosmetik vasitələrin sertifikatlaşdırılması üzrə” “Ekotest” MMC-adlı orqanın əsas məqsədi sertifikatlaşdırma yolu ilə istehlakçıları təhlükəli və keyfiyyətsiz kosmetik vasitələrdən qorumaqdır. Qurum yeni yarandığından iş prinsipləri və s. ilə bağlı məlumat verə bilmədilər.Sonda onu da bildirək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun 2009-cu ildə apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib. Bundan başqa, bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.Göründüyü kimi, rəsmi qurumlar bu sahədə monitorinqlər aparsalar da bu sahədə problemlər hələ də qalır. Odur ki, həkim məsləhətlərini də dinləyərək öz sağlamlığımız barədə özümüz düşünməliyik. Sağlam nəsil etibarlı gələcəyin təməlidir.Günay MUSAYEVA