Azərbaycanda “Duty-free”, yəni rüsumsuz ticarət mağazaları geniş vüsət ala bilər.
Nazirlər Kabineti belə mağazaların fəaliyyətinə yaşıl işıq yandıran “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nı təsdiq edib.Azərbaycan hökumətinin Gömrük Məcəlləsi əsasında hazırladığı qaydalara əsasən, belə mağazada idxal gömrük rüsumları və digər vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulmuş mallar satılmalıdır. Mağazanın ərazisi (ticarət zalları, köməkçi otaqlar və anbarlar) gömrük nəzarəti zonası hesab edilir və buna görə də, həmin ərazidə yerləşdirilən mallar müvafiq gömrük orqanının nəzarəti altında olur.İcazə almaq“Duty-free” mağazasının yaradılmasına icazəni Dövlət Gömrük Komitəsi verəcək. Bunun üçün Komitəyə yazılı və yaxud elektron formada müraciət etmək lazımdır. Təbii ki, tələb olunan sənədlərlə birlikdə. Söhbət vətəndaşa verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN), bank hesabı və mağazanın yeri barədə məlumatlardan, mağazanın ərazisindən istifadə (icarə) hüququnu təsdiq edən sənədin surətindən gedir. Komitə bu sənədlərə 1 ay ərzində münasibət bildirməlidir.Rüsumsuz mağazalar üçün icazə 5 illik verilir. Onun müddətinin bitməsinə 3 ay qalmış yeni icazənin alınması üçün müraciət edilə bilər. Fəaliyyətə məhkəmə qərarı əsasında dayandırılan sahibkarlar avtomatik olaraq bu cür icazədən məhrum edilir.ÖhdəliklərAydın məsələdir ki, bu cür mağazalar istənilən yerdə fəaliyyət göstərə bilməz. Qaydalara görə, “Duty-free” mağazaları beynəlxalq hava və dəniz limanlarının, eləcə də gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında, xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri üçün, digər gömrük nəzarəti zonalarında təşkil oluna bilər. Mağazalar ticarət zalından, köməkçi otaqdan və anbardan ibarət olmalıdır. Həmçinin bütün bu obyektlərin yanğın təhlükəsizliyi məsələsinə diqqət yetirilməlidir.“Duty-free” mağazalarında yalnız gömrük sərhədindən keçən şəxslərə mal satıla bilər. Mağazaya daxil olan və satılan mallar barədə gömrük orqanı məlumatlandırılmalıdır. Ümumiyyətlə isə, mağazanın sahibi 3 ayda bir dəfədən az olmayaraq mallar barədə gömrük orqanına məlumat verməlidir.Xatırladaq ki, Azərbaycanda ilk “Duty-free” 2007-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında açılıb və hazırda 6 mağazadan ibarət şəbəkə formasında fəaliyyət göstərir.