"BakuBus"dan avtobusda baş verən dava ilə bağlı - AÇIQLAMA

"BakuBus"dan avtobusda baş verən dava ilə bağlı - AÇIQLAMA
SOSİAL
17:18 08.06.2026
711
Xəbər verdiyimiz kimi, ötən gün "Bakubus” MMC-yə məxsus 149 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə baş verib.

AZXEBER.COM-un məlumatına görə, insident sürücünün avtobusdakı sıxlığı nəzərə alaraq sərnişinlərdən salonun arxa hissəsinə keçmələrini tələb etməsindən sonra yaranıb.

Mübahisə zamanı tərəflər arasında söz atışması olub. Həm sürücü, həm də sərnişin bir-birinə qarşı etik çərçivədən kənar ifadələr işlədiblər.

"BakuBus" MMC-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib:

"149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib. Araşdırma zamanı müəyyən edilib ki, avtobus Kukla Teatrının yaxınlığındakı dayanacaqda olduğu zaman sürücü digər sərnişinlərin avtobusa rahat şəkildə daxil ola bilməsi üçün salonda olan sərnişinlərdən bir qədər arxa hissəyə keçmələrini xahiş edib. Bu zaman sürücü ilə bəzi sərnişinlər arasında anlaşılmazlıq yaranıb və qarşılıqlı kobud davranış halları qeydə alınıb”.

Qurumdan bildirib ki, sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub:

"Daxil olmuş müraciət əsasında məsələ "BakuBus" MMC-nin aidiyyəti şöbəsi tərəfindən araşdırılıb, sürücünün izahatı alınıb və hadisənin təfərrüatları öyrənilib. Araşdırmanın nəticələrinə əsasən sürücü ilə profilaktik söhbət aparılıb, ona sərnişinlərlə ünsiyyət zamanı daha nəzakətli davranılması və xidmət standartlarına ciddi riayət olunması barədə müvafiq tapşırıqlar verilib. Eyni zamanda sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR