AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən rayon ərazisindəki abidələri nəzərdən keçiriblər və onlardan bir neçəsini qeydə alıblar.
AZXEBER.COM-a rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata əsasən, arxeoloqlar Pəri qalasının yerləşdiyi ərazidə olub və bu tarixi abidədə ilk yaşayışın 2000-2500 il əvvəl mövcud olduğunu təsdiqləyib. Ekspedisiya üzvlərinin rəyinə əsasən, Pəri qalası xəzərlərin, sasanilərin və ərəblərin işğalçılıq müharibələri apardıqları dövrdə - eramızın IV-V əsrlərində inşa edilib. Tədqiqat zamanı rayon ərazisindəki digər bir qala qeydə alınaraq inşa dövrü müəyyənləşdirilib. Məlum olub ki, qala erkən orta əsrlərə aiddir və XIX əsrə qədər istifadə olunub. Çar Rusiyasının dağlı xalqlarına və Car-Balakən camaatına qarşı apardığı müharibə dövründə yerli əhali qaladan sığınacaq və müdafiə obyekti kimi istifadə edib. Eyni zamanda arxeoloqlar rayonun Arı dərəsi ərazisində XIII-XIV əsrlərə aid alban məbədi aşkarlayıblar. Arxeoloqların qənaətinə görə, bəzi mənbələrdə 705-ci ildə Alban dövlətinin süqutundan sonra Azərbaycanda alban məbədlərinin tikilmədiyi söylənsə də, XII əsrdə alban katolikosluğunun mərkəzi Yuxarı Qarabağdakı Gəncəsər (Qanzasar) monastrından Gəncə yaxınlığındakı Mahsara məbədinə köçürüldükdən sonra Qafqaz Albaniyasının dağlıq ərazilərində, o cümlədən Zaqatala-Balakən ərazisində alban məbədlərinin inşası davam etdirilib. Yalnız 1836-cı ildə Peterburq Sinodunun qərarı ilə alban məbədlərinin fəaliyyətinin dayandırılmasından sonra bu işə xitam verilib.