Balakəndə korrupsiyaya qarşı tədbir keçirildi

Balakəndə korrupsiyaya qarşı tədbir keçirildi
Bütün Xəbərlər
19:52 04.11.2011
1170

Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti dəyirmi masanı Balakən şəhərində keçirmişdir. 

Tədbir AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutmuşdur. Fonddan AZXEBER.COM-a verilən məlumata görə, Balakən rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi yerli əhali arasında xüsusi maraq doğurmuşdur. Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak etmişdir. Tədbirdə edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffalıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Korrupsiyaya qarşı Mübarizə Fondunun rayonda apardığı araşdırmaların nəticəsi olaraq demək olar ki, son aylarda Balakən rayonunda əhalinin şikayətlərinə baxılması sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermişdir. Belə ki, Fondun müşahidələri göstərir ki, bir sıra regionlardan fərqli olaraq, burada intensiv abadlıq işləri görülməsinə baxmayaraq, büdcə təşkilatlarında çalışanlardan və sahibkarlardan qanunsuz olaraq pul yığılmır. Buna görə də vətəndaşlarla olan söhbətlərdə hiss olundu ki, əhali rayondakı vəziyyət barədə müsbət fikirdədir. Tədbirdə Fondun Balakəndə fəaliyyətinin genişləndirilməsi və yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etməsi qərara alındı.

OXŞAR XƏBƏRLƏR