Başa çatmayan ilin yekunu

Başa çatmayan ilin yekunu
Bütün Xəbərlər
14:08 07.12.2013
1463
Toiiq Abbasov,Baku Post qəzetinin baş redaktoruİl qurtarmayıb, amma məşhur “Time” jurnalı 2013-cü ilin adamının adını artıq açıqlayıb, təbii ki, öz fərziyyəsində.
Bu, Əbdül Fəttah əl-Sisidir! Bəli, söhbət həmin misirli generaldan gedir ki, qanuni prezident Məhəmməd Mursini “tərkisilah” edib hakimiyyətdən kənarlaşdırdı və təcridxanaya göndərdi.
Deyilənlərə görə, jurnalın təxminən yarım milyon oxucusu məhz Misirin hərbi administrasiyasının rəhbərini ilin qəhrəmanı obrazında gördüyündən, general “Sülh adamı” mükafatına layiq görülüb. Yada salmağa dəyər ki, ərəb dünyasının flaqmanı sayılan məmləkətdə sabitlik bərqərar olmur ki, olmur. Bir il hakimiyyətdə olmuş M.Mursi hökuməti nə qədər ölkədə demokratik üsulların bərqərar olmasına çalışsa da, görünməmiş təpgi və təzyiqlərlə üzləşdiyindən, sonda oyundankənar vəziyyətə salındı.
İyunun 30-u ölkənin tarixinə qara-qırmızı boyalarla həkk olundu. Çünki 2012-ci ilin həmin günü “Müsəlman qardaşları” ilk dəfə keçirilmiş azad seçkilərdə qalib gəldi və məhz həmin tarixdə partiyanın namizədi M.Mursi prezident kürsüsünə əyləşdi. Düz bir ilin tamamında isə başlanan zorakılıq dalğası onun devrilməsi ilə nəticələndi. İqtidarı hakimiyyətdən kənarlaşdırmaq naminə liberallardan başlamış, solçu-marksistlərə qədər hamı səfərbər olmuşdu ki, islamçıların partiyasını hakimiyyətdən birdəfəlik uzaqlaşdırsınlar.
Plan baş tutdu, amma böyük cinayət və riyakarlıq hesabına. İldönümü günü başlanan iğtişaşlarda bəzi qruplar elə taktika həyata keçirdilər ki, mütləq tələfat olsun. Və qan töküldü, ardınca hərbi çevriliş üçün “əsas” yarandı, nəhayət, M.Mursi “dinc insanların ölümündə” ittiham edildi. Halbuki, dinc insanları qətlə yetirən rəsmi güc strukturlarının nümayəndələri yox, küçə ünsürləri idi. Lakin heç bir qurum və ya instansiya bunun fərqinə varmadı, hüquq müdafiəçiləri isə susdu.
Qəribə əhvalatdır. İndi Kiyev və Ukraynanın digər şəhərlərində hərc-mərcliyi normaya çevirən dəstələrə qarşı nizamı bərpa edən “Berkut” xüsusi təyinatlılarını Qərb birmənalı şəkildə demokratiyanı boğmaqda təqsirləndirir. Amma Misirdə hakimiyyəti ələ keçirən hərbçilərin dinc nümayişçilərə divan tutmasını heç kəs məhkum etmədi. Çünki ikili standart yürüdən Qərb general əl-Sisinin cəngavərlərinin Mursi tərəfdarlarına divan tutmasına göz yumdu, onu qınamadı.
Belə çıxır ki, müsəlman məmləkətlərində hərbçilər islamçı qüvvələrə qarşı zor tətbiq etdikdə onlara Qərb heç bir iddia irəli sürmür, ancaq qeyri-müsəlman dövlətlərində, xüsusən də postsovet məkanında oxşar hallar yaşandıqda “demokrat dairələr” dərhal “azad olmaq istəyənlərin” müdafiəsinə qalxırlar.
Aydın məsələdir ki, demokratik dəyərlər komplekti bənzər vəziyyətlərdə müxtəlif cür yozulur. Son nəticə ondan asılıdır ki, hadisələr harada baş verir. Əgər toplum müsəlman aləmini təmsil edirsə, onda son qərarı verməkdə müəyyən şərtlər irəli sürülür. Yəni, islam millətləri üçün Qərb, bir qayda olaraq, polis demokratiyasını nəzərdə tutur. Məsələn, 1980-ci ildə Türkiyədə hakimiyyəti zorla, çevriliş yolu ilə ələ keçirmiş general Kənan Evren dərhal, qərblilərin dili ilə deyilsə, “yaxşı oğlan” ampluasına oturuşduruldu. O zaman Türkiyədə Nəcməddin Ərbakanın nüfuzu xeyli artmışdı və islamçı qüvvələrin seçki yolu ilə hakimiyyətə gəlməsi çox real idi.
Misirdə də əl-Sisi demokratiyası məqbul sayılır və dinc müsəlman qardaşlarına sabit şəkildə demokratiya qurmaq yasaq edilib. Yəni, bu qəbil quruluş onlarlıq deyil. Ssenarini kadr arxasında oynayanlar belə düşünməsəydilər, M.Mursinin həbsindən sonra qanuni prezidentin partiyasının leqal fəaliyyətinə qadağa qoymazdılar.
İslam dünyasında dini faktor Qərbi qorxutmasa da, yaman narahat edir. Bu səbəbdən də, onunla “xüsusi” davranma texnologiyası qüvvədə saxlanılır. Nəticədə isə Əbdül Fəttah əl-Sisi Qərbdə “İlin adamı” elan olunur... il başa çatmamış!
OXŞAR XƏBƏRLƏR