Başqasının adı və fotosu ilə pul qazanmaq istəyənlərə XƏBƏRDARLIQ

Başqasının adı və fotosu ilə pul qazanmaq istəyənlərə XƏBƏRDARLIQ
SOSİAL
14:29 01.10.2026
106
Sosial şəbəkələrdə başqasının adından, fotosundan və peşəkar nüfuzundan istifadə etməklə xidmət təklif edən səhifələrə zaman-zaman rast gəlinir. Belə hallardan biri də "TikTok” platformasında qeydə alınıb. Belə ki, bir şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi səhifəsində yayımlanan vəkil fotosundan istifadə edərək izləyicilərə ödənişli hüquqi xidmətlər təklif edib.

Bəs şəxsin razılığı olmadan onun fotoşəklindən, adından və nüfuzundan istifadə edilməsi hansı hüquqi məsuliyyət yarada bilər? 

Vəkil Roman Qaraşov AZXEBER.COM bildirib ki, bu hadisə ilk növbədə mülki-hüquqi məsuliyyət yarada bilər:

"Başqasının fotoşəklindən, adından və peşə nüfuzundan onun razılığı olmadan istifadə edilməsi ilk növbədə mülki-hüquqi məsuliyyət yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23 və 26-cı maddələrinin məzmununa görə şəxs onun adından və nüfuzundan qanunsuz istifadənin dayandırılmasını, həqiqətə uyğun olmayan məlumatların təkzibini, vurulmuş maddi zərərin və müvafiq hallarda mənəvi zərərin ödənilməsini tələb edə bilər. Fotoşəklin əvvəllər Vəkillər Kollegiyasının rəsmi səhifəsində açıq yayımlanması başqa şəxsin həmin fotoşəkildən istifadə etməklə özünü həmin vəkil kimi təqdim etməsinə və ya onun nüfuzundan kommersiya məqsədilə yararlanmasına hüquqi əsas vermir”.


O qeyd edib ki, "vəkil” sözündən qanunsuz istifadəyə görə inzibati cərimə tətbiq oluna bilər:

"İnzibati məsuliyyət baxımından isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən "vəkil” adından qanunsuz istifadə məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etmək məqsədilə özünə münasibətdə və ya təşkilatının adında "vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən qanunsuz istifadəyə görə inzibati cərimə tətbiq oluna bilər. Buna görə TikTok səhifəsində real vəkilin fotoşəkli yerləşdirilərək izləyicilərdə həmin səhifənin vəkilə məxsus olması və ya həmin şəxsin vəkil olması barədə yanlış təsəvvür yaradılırsa, konkret hallardan asılı olaraq inzibati məsuliyyət məsələsi də yarana bilər. Əgər bu hərəkətlər yalnız vəkil adından qanunsuz istifadə ilə məhdudlaşmır və həmin şəxs real vəkilin fotoşəklindən, adından və nüfuzundan istifadə etməklə şəxsləri aldadaraq onlardan pul vəsaiti əldə edirsə, əməl cinayət-hüquqi qiymətləndirmə predmeti ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə dələduzluq hesab olunur. 

Yəni inzibati xəta ilə dələduzluq arasında əsas fərq ondan ibarətdir ki, birinci halda qanunsuz olaraq vəkil adından istifadə faktı əsasdır, ikinci halda isə əlavə olaraq aldatma niyyəti və bu yolla əmlakın və ya pul vəsaitinin ələ keçirilməsi sübut olunmalıdır”.

"Belə vəziyyətdə ekran görüntüləri, yazışmalar, reklam mətnləri, ödəniş rekvizitləri və qəbzlər saxlanılmalı, faktlardan asılı olaraq həm mülki qaydada məhkəməyə, həm də inzibati və ya cinayət məsuliyyəti məsələsinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”,-deyə vəkil bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR