Səbail rayonunun Bayıl yaşayış sahəsində böyük abadlıq-quruculuq işləri davam etdirilir.
AZXEBER.COM-un məlumatına görə, Bayılda aparılan işlər çərçivəsində burada yerləşən bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülüb, Dövlət Bayrağı Meydanı yaradılıb, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar 35 min tamaşaçı yerlik “Crystall Hall” tikilib, beynəlxalq oyunları keçirmək üçün “Bayıl” stadionu əsaslı təmir olunaraq yenidən qurulub.Eyni zamanda ərazidə yerləşən bir sıra yaşayış binasında əsaslı təmir işləri aparılır, məhəllədaxili yollar təmir edilir.Bundan başqa Bayıl yaşayış sahəsində köhnəlmiş kanalizasiya şəbəkəsinin əvəzində yeni kanalizasiya şəbəkəsi və yeni kanalizasiya kollektoru çəkilib, bu istiqamətlə işlər davam etdirilir.Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bayılda yeni su xətlərinin çəkilişi də aparılır və yaxın gələcəkdə bu yaşayış sahəsi içməli su ilə daimi təmin olunacaq.Adıçəkilən qurumdan bildiriblər ki, hazırda Bayıl dairəsinin ətrafının yenidən qurulması və abadlaşdırılması işləri aparılır:“İlk növbədə, Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 ədəd fərdi yaşayış evləri, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülüb.Hazırda bu ərazidəki bir sıra sənaye və özəl obyektlərin köçürülməsi və yeni bulvar üçün yeni struktur yaradılması işləri aparılır. Həmçinin burada Su oyunları stadion kompleksinin tikintisi həyata keçirilir”.Bayıl dairəsi də tam şəkildə yenidən qurulur. Belə ki, dairədə yeni yol infrastrukturu yaradılıb. Yeni yeraltı keçid isə Q.Abbasov küçəsi ilə Yeni Bulvarı birləşdirir. Burada son tamamlama işləri aparılır. Yeni eskalator quraşdırılıb. Dairənin mərkəz hissəsində 20-ci sahə istiqamətində istirahət guşəsi yaradılır, yaşıllıqlar salınır.


