Bayraqdar Elman: ‘Onu öz əllərimlə ipdən ayırdım’ - MÜSAHİBƏ

Bayraqdar Elman: ‘Onu öz əllərimlə ipdən ayırdım’ -  MÜSAHİBƏ
Bütün Xəbərlər
14:00 25.06.2013
2726

Elman Türkoğlu: "Soruşurdu, ata, birdən attestat qiymətindən "2" alsam, nə edəcəksən, deyirdim..."

İyunun 18-də məşum intihar hadisəsi hamını sarsıtdı. KXCP üzvü Elman Türkoğlunun kiçik oğlu Məhəmmədəmin Həsənli özünü asdı.

Ailə Məhəmmədəmini dəfn etmək üçün Masallıya apardı. Dünən Masallıdan Bakıya dönən Elman Türkoğlu ilə görüşmək üçün Texniki Universitetin yataqxanasına üz tutduq. Onunla yataqxananın həyətində söhbətləşmək qərarına gəldik. Elman bəy söhbətə rayondan Bakıya qayıdışı ilə başladı:

- Təzəcə Bakıya qayıtmışam. Məhəmmədəminin məzarını ziyarət edib Bakıya döndüm. Ayın 27-sində burda - Texniki Universitetin yataqxanasının həyətində yas mərasimi təşkil edəcəyik. Düzü, müxtəlif ünvanlardan, hətta xaricdən də zəng edib başsağlığı verənlər olub. Hələ də zəng vururlar. Hər kəsə təşəkkürümü bildirirəm. Xüsusən qonşularıma təşəkkür edirəm ki, məni tək qoymadılar. Heç kəs inanmır. Ancaq nə etmək olar? Allah verən ömürdür, gedəni saxlamaq olmur. Deyirlər, kişi ağlamaz. Ancaq mən deyirəm ki, hamısı əfsanədir. İnsan ağlamasa ürəyi partlayar...

Vallah, düzünü deyirəm. Çox ağladım. Necə oldu?!. Bir ata üçün çox çətindir bu ağrını çəkmək. Oğul itirən ataların nələr çəkdiyini indi başa düşürəm. Allah heç bir ataya bu cür sınaq qismət eləməsin. Çox çətin və çox ağrılı bir hadisədir.

- Elman bəy, hadisə necə baş verdi? Necə xəbər tutdunuz?

- Çox dəhşətlidir... Öz əllərimlə ipdən ayırdım onu. 56 yaşım var, birinci dəfə asılı vəziyyətdə ölmüş insan görürdüm. Mən ona çox azadlıq vermişdim. Böyük oğlum Elçibəyi dərslərini oxumayanda sıxışdırardım. Ancaq Məhəmmədəminlə o cür davranmamışdım. Onu azad böyütmüşdüm. Soruşurdu, ata, birdən attestat qiymətindən “iki” alsam nə deyəcəksən. Deyirdim, sən sıfır da alsan heç bir şey deməyəcəyəm. Mənə sənin can sağlığın lazımdır... Nə bilim, ürəyimə həmişə qəribə bir hiss gəlirdi ki, bu uşağa nəsə olacaq.

Altı ay qabaq bacım oğlu da özünü asıb intihar eləmişdi. Mənim fikrimcə, Məhəmmədəmin də ona görə özünü asdı. Bacım oğlu idmançı idi. Məhəmmədəmin də deyirmiş ki, onsuz yaşaya bilmirəm. Həmin hadisədən təsirlənibmiş. Bacım oğlu ilə Məhəmmədəmin qardaş kimi idilər. Bir-birlərini həddindən artıq çox istəyirdilər.

Hətta Məhəmmədəmin ölümündən 6 saat qabaq sosial şəbəkədə məlumat da yayıb. “Facebook”dakı səhifəsində “Allah, özümü öldürmək istəyirəm, amma bacarmıram”, “Allah, öldür məni, canım qurtarsın” sözlərini yazıb.

Bacım oğlu rəhmətə gedəndə həyətdəki heyva ağacının yanına getdim. Gördüm, Məhəmmədəmin heyva ağacının arxasına keçib sakit-sakit ağlayır. Öz-özünə deyirdi ki, bibioğlu, məni niyə tək qoydun? Mən də gələcəm deyirdi. Tutub dedim ki, ay bala, sən nə danışırsan? Sözü yayındırdı. Bir dəfə də anasına deyib ki, mən bibim oğlunun yanına gedəcəyəm. Hadisə olan günü səhər tezdən yuxudan ayıldım. Həmin vaxt Məhəmmədəmin də yuxudan ayıldı. Zarafatla dedi ki, ata maaşımı verəcəksən? Xərcləməyə pul istəyəndə hər dəfə elə deyərdi. İki manat istədi, dedim ki, sənə dörd manat verəcəm. İstəmirdi, ancaq məcburən 4 manatı ona verdim. Həmin günü 4 manatın 2 manatını xərcləmişdi. 2 manatı da artıq qalmışdı. Axşam da qalan 2 manatı mənə qaytardı. Dedim ki, oğul, onu sənə vermişdim ki, xərcləyəsən. Dedi, ata, xərcləməmişəm, ona görə də qaytarıram.

Qəribə uşaq idi, hamının işinə yarayan, mehriban, düz danışan idi. Həmin günü də dənizə getmişdi dostları ilə. Orda da deyib ki, bu, mənim dənizə son gəlişimdir. “Facebook” səhifəsində yazıbmış ki, bu gün mənim dənizə son gedişim oldu. Mən onun profillərini bilirdim. Özünə bir neçə dənə profil açmışdı. Ancaq əlavə bir dənə də təzə profil açıb və orada məni “bloka” salıb ki, yazdıqlarını görməyim. Bilirdi ki, ürəyim xəstədir. Ona görə istəmirmiş ki, oxuyub pis olam.

Həmin günü işdə çox narahat idim. Hamı soruşurdu ki, ay Elman, sənə nə olub axı? Deyirdim, bilmirəm, nədənsə özümü çox narahat hiss edirəm. Bacım da zəng vurub narahat olduğunu dedi. Mən də cavabında qayıtdım ki, mənim də ürəyim sıxılır. Hər gün qəzetləri oxuyardım. Həmin gün heç qəzet də oxumaq istəmədim. Uşaqlar qəzeti gətirib məlumatları oxuyurdular, fikrimi öyrənmək istəyirdilər. Ancaq mən deyirdim ki, sıxılıram və heç bir xəbərlə maraqlanmaq istəmirəm, heç bir qəzeti də oxumaq istəmirəm.

Elə bil, ürəyimə dammışdı. Hər gün evə gec gələrdim. Təxminən 10-dan sonra evdə olardım. Amma həmin günü evə tez gəldim. Hardasa saat 7-dən sonra evə çatmışdım. Məhəmmədəminlə bir yerdə yemək yedik. Həmin axşam Məhəmməd çox az yemək yedi. Çıxıb eşikdə gəzəndən sonra qayıdıb evə gəldi. Tez-tez evə gəlib-gedirdi. Evdə oturub telefonu əlində oynadırdı. Birdən evə nəzər saldı, xəyala daldı. Sonra yenə evdən getdi. Gedəndə “sağ olun” dedi.

Bir manat götürüb, onun 80 qəpiyinə ip alıb. Əvvəlcə həyətdə oturub öz-özünə danışırmış. Heç kim də başa düşməyib. Daha sonra ayaqyoluna gəlib. Kəndiri bağlayıb. Yuxarı qalxıb, boğazına keçirib ipi. Daha sonra özünü aşağı buraxıb. Mən də ayaqyoluna tez-tez gedib gələrdim. Ancaq bu dəfə 10 dəqiqə idi ki, ayaqyoluna getmirdim. Daha 10 dəqiqə də keçəndən sonra dedim ki, bu uşaq harada qaldı. Anası qışqıranda gəlib gördüm ki, özünü asıb. Mən 20 dəqiqə ərzində neçə dəfə istədim ki, ayaqyoluna gedim, ancaq elə bil görünməz qüvvə məni saxlayırdı.

Əvvəlcə elə bildim ki, uşağı bıçaqlayıblar. Həyətə düşmək istəyəndə dedilər ki, özünü asıb. Gətirib evdə uzatdım. Başladım ağzından nəfəs verməyə. Saat 1-dən 3-ə kimi ona nəfəs verdim. Boynu sınmışdı. Elə bilirdim ki, ölməyib. Hər dəfə nəfəs verəndə həmin nəfəs geri qayıdırdı. Mən də elə bilirdim ki, yaşayır. Halbuki boynu sınmışdı. Qayıdan nəfəs mənim verdiyim nəfəs imiş. Əvvəl şübhələnirdim. Amma sonra divarda ayaqlarının izini gördüm. Ondan sonra bildim ki, uşaq özü- özünü asıb. Əminəm ki, bibisi oğluna görə özünü asıb. Dostlarına da bu barədə deyibmiş. Ancaq mənə heç kim heç nə deməyib.

“...Mənim ürəyim partlayacaqdı”

- Böyük oğlunuz necə hadisədən xəbər tutdu?

- Elçibəy əsgərlikdədir. Məhəmmədəmin rəhmətə gedən günü yas yerinə gəldi. Komandiri hadisə barədə internetdən oxuyub və Elçibəyə deyib ki, qardaşın intihar edib. Daha sonra ona icazə veriblər. Gecə yasa gəlib çatdı. Çox qürurlu idi. Əgər o, iki saat da gec gəlsəydi, mənim ürəyim partlayacaqdı. Hər dəfə də deyirdi ki, ata ağlama, mən varam. Mənə dayaq oldu. Bakıya qayıdanda da ağır yol qəzasından qurtardıq. Maşında nasazlıq var idi. Yol gələrkən birdən maşın dayandı. Çətinliklə də olsa qəzadan qurtardıq. Hətta gəldiyimiz maşın partlaya da bilərdi. Ancaq Allah bizə kömək oldu, bizi qəzadan xilas etdi. Heç kim xəsarət almadı.

“İstəmirdim ki, balalarım da kasıb olsun”

- Bildiyimizə görə, sizin də həyatınız çətinliklə keçib. Övladlarınızı da çətinliklə böyütmüsünüz. Yəqin ki, çətinliklə böyütdüyünüz övladınızı itirmək sizə çox ağır gəlir...

-(Gözləri dolur...)Mənim öz həyatım çox çətin keçib. Bunu hamı bilir. Çətinliklə böyümüşəm. Öz əlimin zəhməti ilə dörd qardaşımı və anamı saxlamışam. Bütün dərslərimi də yaxşı oxuyardım. Bircə riyaziyyatdan başqa. Övladlarım da dünyaya gələndə demişdim ki, qoymayacağam ki, uşaqlarım korluq çəksin. Özüm bir şalvarı illərlə geyinirdim, amma uşaqlarıma tez-tez paltar alardım. Özüm kasıb olmuşdum, istəmirdim ki, balalarım da kasıb olsun. Evdəki əti uşaqlara yedizdirərdim, özüm yeməyin suyunu yeyərdim. Onların tərbiyəsinə xüsusi diqqət ayırırdım. Artıq qalan pulu da həmişə özümə qaytarardı. Mən onlara yüksək səviyyədə tərbiyə vermişdim. Hətta deyirdim ki, əlində yük olan böyüklərə kömək edin. Mənim sözümdən çıxmazdı. Çox ağırdır. Mən uşaqlarımdan doymamışam. Həyatım türmələrdə, mitinqlərdə keçib. Məhəmmədəmini o qədər çox istəyirdim ki, gözümdən kənara qoymaq istəmirdim. Elə bilirdim ki, başına nəsə iş gələcək. Narahat idim. İçki içən deyildi, siqaret çəkməzdi. Dönəri və lüləkababı çox sevərdi. Üzərində halal markası olan ət yeyərdilər.

Məhəmmədəmin dostumun qızına deyikli idi. Dostumun qızı ilə göbəkkəsdi etmişdik. Elə bilirəm ki, indi qapı açılacaq, yenə də Məhəmmədəmin evə girəcək. Hələ də inanmıram. Böyük oğlum Elçibəy mənə dayaqdır, təsəllidir. Oğlanlarımın ikisi də yalanı sevməzdilər, heç vaxt da yalan danışmazdılar. Mən onlara bu cür tərbiyə vermişdim. Demişdim ki, yalan danışmaq qeyrətsizlikdir. Dediyi vaxtda evə qayıdıb gələrdi. Heç vaxt da yalan danışmazdı.

Məhəmmədəmin yuxuya gedib yatmayınca mən yatmazdım, gözümə yuxu getməzdi. Hamıya kömək etmişəm. Qonşulara da hər dəfə kömək etmişəm. 21 il bir-biriylə danışmayan insanı barışdırmışam. Hamıya kömək etdim, öz oğluma kömək edə bilmədim. Yanıram. Ömrümün sonuna qədər də yana-yana qalacam. Bıçaqlasaydılar bəlkə, bu qədər mənə təsir etməzdi. Asılmaq nə imiş, ilahi? Çox çətindir.

Deyirəm, ya Rəbbim, əgər mənə o biri dünyada pay düşürsə onu bacım oğluna və Məhəmmədə verirəm. Onları Allaha tapşırıram. Yerləri cənnətlik olsun... Onu da deyim ki, bəzi saytlarda oğlumun ölümü ilə bağlı yalan məlumatlar yayırlar. Mən həmin saytları məhkəməyə verəcəyəm. Yazılanların hamısı yalandır, böhtandır. Mən bilirəm ki, oğlum bacım oğluna görə özünü asıb. Onun divardakı ayaq izlərini də görəndən sonra buna daha çox əmin oldum.

Teleqraf.com

OXŞAR XƏBƏRLƏR