BDU beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

GƏNCLİK
19:14 12.04.2012
1800
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın AZXEBER.COM-a verdiyi məlumata görə, universitet Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası tərəfindən keçirilən müsabiqədə birinci yerə layiq görülüb. Qeyd edilir ki, Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE), London, Böyük Britaniya) postsovet dövlətlərində İASHE-nin rəsmi partnyoru olan Ümum Ukrayna Akademik Birliyi (Kiyev-Odessa) ilə birgə postsovet məkanına daxil olan ölkələr arasında elmi analitika üzrə regional yarışmanın test proqramını reallaşdırıb. Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilib.Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası tərəfindən 2011-ci ildə elmi analitika üzrə keçirilən yarışma və konfransların nəticələrinə görə aşağıdakı reytinqlər tərtib edilib: - Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi - Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi - Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi - Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində effektivliyi.Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, Bakı Dövlət Universiteti bu reytinqlər üzrə aparıcı yerləri tutub. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutub. Bununla belə, İASHE-nin Ekspertlər Şurası Bakı Dövlət Universitetini beynəlxalq qızıl nişanəsi olan “Sokrat Medalı” ilə təltif edib.

OXŞAR XƏBƏRLƏR