Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov İndoneziya səfirliyinin müvəqqəti işlər vəkili Agus Trimartononu qəbul edib. Universitetin mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, BDU haqqında qonağa məlumat verən rektor, bu zamana qədər İndoneziyanın elmi mərkəzləri ilə əməkdaşlığın olmadığını bildirib. Keçən il İndoneziyada Azərbaycan səfirliyin açıldığını xatırladan A.Trimartono beynəlxalq forumlarda Azərbaycanın İndoneziyaya böyük dəstək verdiyini deyib. Azərbaycanla İndoneziyanın siyasi-iqtisadi, mədəni əlaqələrinin olduğunu bildirən qonaq, bu əlaqələri elm-təhsil sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Öz növbəsində A.Məhərrəmov Uzaq Şərqin ən böyük müsəlman ölkələrindən biri olan İndoneziya universitetləri ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. Rektor İndoneziya dili üzrə mütəxəssis hazırlamaqda maraqlı olduqlarını da qeyd edib. Görüş zamanı həmçinin əməkdaşlığın daha da səmərəli olması üçün tələbə mübadiləsi, eləcə də birgə layihə və proqramlarda iştirak etməyin vacibliyi vurğulanıb. Sonda rektor bu danışıqların kağız üzərində qalmayıb reallaşacağına əminliyini bildirib.