Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd Nağı oğlu İmanlının məhkəməsi başlayıb.
Gün.Az-ın məlumatına görə, rüşvət almaqda təqsirləndirilən Məhəmməd İmanlının məhkəməsi hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilir.İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt”inə zəng edən Bakı şəhər sakini Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi M.İmanlının BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində ikinci ali təhsil almaq üçün 40.000 manat pul tələb etdiyini deyib.Məhəmməd İmanlı 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi, 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.Qeyd edək ki, M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.