BALONİYANIN AZƏRBAYCAN VERSİYASI…
Bilirəm ki, mənim bu yazımı dərc etməyəcəklər.Amma onu da bilirəm ki, bu yazı tələbələri çox maraqlandıracaq. Çünki söhbət Baloniya sistemi haqqındadır. Bildiyimiz kimi Azərbaycanda da təhsil sistemi bu üsula keçib. Bu sadəcə dildə belə adlanır. Internetdən əldə etdiyim məlumata görə əslində Baloniya sistemi özündə 3 hissəni daşıyır: Çevikliyi, beynəlxalq rəqabətə davamlığı və məşğulluq imkanını artırmaq.Sonrakı məqsədlərə isə sadə və müqayisə oluna biləcək diplomların,həmçinin əlavə sertifikatların,ikipilləli təhsil sisteminin yaradılması,qabiliyyəti qiymətləndirmə sisteminin daxil edilməsi aiddir.
Həmçinin bu sistemə Avropada birgə çalışmaq keyfiyyətinin artırılması, ali təhsil sistemlərinin Avropada yayılmasının genişlənməsi,tələbələrin təhsil qərarlarının qəbul edilməsində iştirakı, Avropada təhsil ilə elmin birləşdirilməsi,dokturanturanın təhsilin Baloniya prosesinə daxil edilməsi də aiddir.
Bu sistemə əsasən tədris olunan fənnləri və tədris edən müəllimləri tələbə özü seçməlidir.Baloniyanın başqa bir xüsusiyyəti də burda kredit sisteminin olmasıdır.Yəni, ali məktəb oxuyan 4 illik bakalavr ərzində təhsilin birinci pilləsində yalnız minimum kredit yığdıqdan sonra diplom ala bilər. Biz kreditin limitinə görə fənnlərin maksimal kreditini götürüb öz istəyimizə görə təhsil ala bilərik.Lakin bizim belə bir hüququmuz yoxdur.
Ümumiyyətlə bizim baloniyada bu sistemə aid olmayan qaydalar var. Məsələn, bizdə tələbəyə mühazirə dəftərinə və davamiyyətə görə 5 bal, fərdi işə görə isə maksimum 10 bal yazılır.Əslində bu sistemə görə tələbə istədiyi vaxt,istədiyi mühazirədə iştirak etməyə də bilər.Amma bizdə tələbə mühazirə dinləməyə məcburdur.Yoxsa buna görə tələbəyə qayıb yazılır.Bundan əlavə,mühazirəyə görə də dəftər tutmaq tələb olunur. Bizcə, Baloniyanın inkişaf etdiyi indiki vaxtda mühazirə dəftəri tutmaq mənasızdır. Əsas dəftərin tərtibatı yox, tələbənin cavabıdır.Daha sonra bizdə fərdi iş də başqa cür olur.Əsl fərdi işdə müəllim semestr ərzində tələbənin onu maraqlandıran,başa düşmədiyi suallarına cavab verməlidir.Biz də isə bele deyil.Seminar dərsləri bəs deyilmiş kimi müəllim tələbəyə fərdi işdə də mövzu verir və hər mövzuya görə də 1 bal yazır.Sistemə əsasən imtahanlar monitorinq formasında deyil,test şəklində keçirilməlidir.Testin sualları da variantsız şəkildə imtahana hazırlıq müddətində tələbələrə verilməlidir.
Fikrimcə Baloniya sistemi həm də ixtisasa uyğun tətbiq edilməlidir.Çünki biz 4 illik bakalavr müddətində nəzəriyyəni təcrübəyə nisbətən çox öyrənirik.Amma jurnalistika elə bir peşədir ki, burada ikisini də bilmək vacibdir.Məsələn: jurnalist tələbələr bəzi mühazirələrdə iştirak etmək əvəzinə,redaksiyalarda,televiziya və radio kanallarında uzunmüddətli təcrübə keçsələr yaxşı olar.Düzdür bunun üçün fakültədə studiya var.Amma oradakı texnika artıq köhnəlib və yenisi də yoxdur.
Baloniya sisteminə qoşulmaqda məqsəd Avropa universitetləri səviyyəsinə yaxınlaşmaqdır.Sistemə qoşulmaq üçün də təhsilin səviyyəsi yüksək olmalıdır.Məncə bu sistemin əsas mahiyyəti ilk növbədə fənn müəllimlərinə öyrədilməlidir.Əgər bu sistemə qoşulmuşuqsa, onun bütün qaydaları da tətbiq edilməlidir.
Fidan Əliheydər
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi