"Bədənşəkilləndirmə dediyimiz insan bədəninə hər hansı cərrahi müdaxiləyə heç kəs haram deyə bilməz".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ilahiyyatçı Elşad Miri bədənşəkilləndirmə əməliyyatının haram olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
İlahiyyatçı həmçinin bildirib ki, halal və haramı yalnız Allah müəyyənləşdirir:
"Halal və haramı müəyyənləşdirən yalnız Allahdır. Allah da konkret olaraq Qurani - Kərimdə bununla bağlı hər hansı məlumat vermir. Misal üçün içki içməklə bədənşəkilləndirmə əməliyyatını eyni tutmaq düzgün deyil. Yaxud da rüşvət almaqla estetik əməliyyat etməyi eyni tutmaq olmaz. Cərrah bu əməliyyatı həyata keçirməzdən əvvəl vicdanlı davranaraq psixoloqa müraciət etməli, müraciət edən şəxsin psixoloji narahatlığı varsa, onun aradan qaldırılmasını tövsiyə edə bilər. Bundan sonra əgər psixoloqa müraciət etdikdən sonra pasient əməliyyatla bağlı təkid edirsə bu zaman son qərar cərrahın verəcəyi qərar olur".
Elşad Miri dində "bədənşəkilləndirmə haramdı” deyə bir qadağa yoxdur deyə bildirib:
"İnsanların bədənşəkilləndirmə əməliyyatına dini baxımdan halal və ya haramdır deməsi düzgün deyil. Dində belə bir qadağa yoxdur. Əgər bir insan özündə narahatlıq görüb bu əməliyyata gedirsə, ona bu haramdır deyə bilmərik. Acı reallıq isə ondan ibarətdir ki, bu əməliyyatı edən şəxslərin cərrahi müdaxilə etdirmələrinə baxmayaraq əksəriyyətinin narahatlığı davam edir. Çünki bədən onu özünə uyğunlaşdıra bilmir. Sonda bir daha qeyd edim ki, konkret olaraq Qurani-Kərim və ya dinə görə belə bir əməliyyatın haram olduğunu heç kim deyə bilməz".
Xatırladaq ki, tanınmış müğənni Nigar Camal dünən sosial şəbəkə hesabında "hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək günahdır” deyə paylaşım etmişdi.
Günel Hüseynli