‘Bəhram da yaxşı bilir ki, uşaqlar əllərindən gələni edib oynadılar’ - Ağasəlim Mircavadov

‘Bəhram da yaxşı bilir ki, uşaqlar əllərindən gələni edib oynadılar’ -  Ağasəlim Mircavadov
Bütün Xəbərlər
13:46 05.06.2014
1282

“Onun müsahibəsində dediyi fikirlər emosionallıqdan deyilən sözlərdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millinin keçmiş baş məşqçisi, tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov söyləyib. O, tanınmış şoumen Bəhram Bağırzadənin Azərbaycan futbolunun biabırçı vəziyyətdə olması ilə bağlı fikirlərini şərh edib:

“Bəhram mənim yaxın dostumdur. Onun xətrini çox istəyirəm. Mən bilirəm ki, o millinin azarkeşidir və çox zaman meydana gəlib millini dəstəkləyir. Onun müsahibəsində dediyi fikirlər isə məncə emosionallıqdan deyilən sözlərdir. ABŞ-la Azərbaycan arasında keçirilən oyun hazırlıq oyunu idi. Bəhramda yaxşı bilir ki, uşaqlar əllərindən gələni edib oynadılar. Daha çox əllərindən gələni etsəydilər uda bilərdilər. Amma neynəmək olar ki, uduzdular”.

A.Mircavadov futbolçularının əməkhaqlarının kontraktlar əsasında klublar tərəfindən əvvəlcədən müəyyənləşdirildiyini deyib. O, bugünkü futbolçulara yaxşı şəraitlərin yaradıldığını da qeyd edib:

“Futbolçuların maaşlarını klub müəyyənləşdirir. Kontraktlar əsasında həmin futbolçuya veriləcək əməkhaqları əvvəlcədən müəyyənləşdirilir. Onların maaşları yaxşıdır. Adam gərək haqqı desin. AFFA da futbolçular üçün bütün lazımi şəraiti yaradıb. Qalıb bir futbolçuların oyun oynamasına. Sözün düzü bizim vaxtımızda belə şərait yox idi”.

Xatırladaq ki, B.Bağırzadə Azərbaycan milli komandasının ABŞ yığmasına uduzmasından sonra verdiyi müsahibəsində olay yaradacaq fikirlər səsləndirmişdi:

“Mən demişəm, indi də deyəcəyəm. Kim istəyir, məndən incisin. Azərbaycan iqtisadiyyatı neft dollarları üzərində dayanıb. Biz pulu, vəsaiti hardan əldə edirik? Yalnız neftdən! Başqa bir sahəmiz yoxdur. Neftçilər 40 dərəcə istidə düşürlər çöllüyə, xiyabanlığa, dənizin ortasında minlərlə kilometr gedirlər, dənizin dibindən nefti qazıb çıxarırlar. Tufan, külək, yağış, qışda, şaxtada yenə qazanırlar, çıxarırlar. İndi futbolçu ilə neftçini müqayisə etdikdə kim vətənpərvərdir? Kim çox maaş almalıdır? Əlbəttə, fəhlə baba, futbolçu yox! Özlərinə də demişəm, bir gün gələcək, onların-neftçilərin ahı tutacaq futbolçuları. Çünki bunlar 700-800 manatı əzab-əziyyətlə qazanırlar, amma binamus və biqeyrət futbolçu - futbolçu kimi ha, kişi kimi yox, şəxsi işləri ilə işim yoxdur - 90 dəqiqəni işləmək-qaçmaq, qol vurmaq istəmir, hamısı yola verir. Amma o yazıq fəhlə isə əzab-əziyyətlə bizim büdcəni doldurur, oradan da milyonlarla pul ayrılır. Düzdür, yoxsa yox? İndi kim gülməlidir?

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR