Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin Abxaziyadan keçən dəmir yolunun bərpası ehtimalına dair bəyanatını təhlükəli adlandırıb.
Saakaşvili bildirib ki, bu bəyanat geosiyasi və geostrateji maraqları nəzərdə tutmur. Abxaziyadan keçən dəmir yolunun bərpasının ilk növbədə Rusiyanın maraqlarına xidmət etdiyini deyən prezident qeyd edib ki, bununla Moskva faktiki olaraq Abxaziyanın işğalını qanuniləşdirmək istəyir.
Son günlər Gürcüstan hakimiyyətində baş verən ikili savaşın bölgəyə təsiri ilə bağlı AZXEBER.COM-un suallarına cavablandıran politoloq Qabil Hüseynli Gürcüstanın indiki vəziyyətini İvanişvilinin siyasəti ilə əlaqələndirib:
“Hazırda Gürcüstan prezidenti Bidzina İvanişvili təhlükəli oyunlar oynayır. Bunlar Gürcüstanın gücü çatacaq oyunlar deyil. Bu gün Gürcüstanda siyasi böhran getdikcə güclənir, siyasi qarşıdurma yaranmağa başlayıb və hakimiyyətin qolları arasında dərin münaqişə yaranıb. Bu adam artıq bir neçə ayda Rusiyanın adamı olduğunu bütün dünyaya təsdiqlədi. İvanişvilinin hazırda çalışdığı Gürcüstanın Qərbə deyil, Rusiyaya olan meylini artırmaqdır. Belə bir şəraitdə Azərbaycan da narahat olmaya bilməz. Çünki biz Gürcüstanın ən çətin vəziyyətində ona yaxından kömək etmişik. Bilirsiz ki, Azərbaycan Gürcüstana 5 milyard dollardan artıq investisiya qoyub. Üstəlik Gürcüstana az qala 1 milyard dollara yaxın simvolik faizlə kredit verib. Buna görə təbii ki, Gürcüstanda baş verən hansısa bir hadisə bizi də maraqlandırır. İvanişvilinin Abxaziyada olan dəmir yolunun bərpasını nəzərdə tutan bəyanatı isə çox ciddi bir məsələdir. Bu həm Rusiyanın Gürcüstana girməsinə təhlükə yaradır, həm də bizim üçün təhlükə yaradır. Azərbaycan üçün ən böyük problem ondadır ki, bizim istəyimiz bu günə kimi Ermənistanı bölgədə iqtisadi bütün layihələrdən kənarda qoymaq idi. Hazırda bu proses çox uğurla aparılır. Ancaq bu layihə həyata keçsə o zaman Ermənistan üçün yeni bir biznes qapısı açılacaq. Bu isə təbii ki, bizə ziyansız ötüşməyəcək”.
Əfsələddin Ağalarov