Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama
SOSİAL
00:47 01.07.2026
269
Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəmə gətirir. Belə şəraitdə sürücülərin seçim davranışı dəyişə bilərmi və bu dəyişiklik qlobal avtomobil bazarına necə təsir göstərə bilər?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, Rusiya bazarında benzin qıtlığının və ya yanacaq təminatında yaranan problemlərin elektromobillərə marağın artmasına müəyyən təsir göstərə biləcəyi istisna deyil:

"Çünki ənənəvi yanacaq növlərinə çıxışda çətinlik yarandıqda, istehlakçılar alternativ nəqliyyat vasitələrinə daha çox diqqət yetirməyə başlayırlar. Xüsusilə böyük şəhərlərdə yaşayan və gündəlik hərəkət məsafəsi məhdud olan sürücülər üçün elektromobillər daha cəlbedici seçimə çevrilə bilər. Bununla belə, elektromobillərə marağın kəskin artması üçün təkcə yanacaq qıtlığı faktoru kifayət etmir. Elektrik doldurma infrastrukturunun inkişaf səviyyəsi, elektromobillərin qiyməti, dövlət dəstəyi proqramları və texniki xidmət imkanları da mühüm rol oynayır. Əgər benzinlə bağlı problemlər uzunmüddətli xarakter daşıyarsa, bu, alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçid prosesini sürətləndirə bilər".

Ekspert deyib ki, eyni zamanda, istehlakçılar hibrid avtomobillərə də daha çox üstünlük verməyə başlaya bilərlər:

"Qlobal təcrübə göstərir ki, enerji bazarlarında qeyri-sabitlik dövrlərində elektromobillərə maraq adətən artır. Buna görə də, Rusiyada yanacaq təminatı ilə bağlı problemlərin davam etməsi elektromobil bazarının inkişafına müəyyən stimul verə bilər" , - deyə o qeyd edib.

Qısası, yanacaq bazarındakı qeyri-sabitlik və benzin qıtlığı sürücüləri ənənəvi daxili yanma mühərrikli maşınlardan imtina edərək elektromobillərə keçməyə sövq edir.
OXŞAR XƏBƏRLƏR