Xəbər verdiyimiz kimi, "Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb.
Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov iştirak və çıxış ediblər.
Bu günlərdə Beynəlxalq Elmi Konfransın toplanmış materialları BDU-nun Qazax filialı Direktorluğunun 27.12.2023-cü il tarixli iclasının qərarına əsasən kitab şəklində çap olunub.
Kitabın giriş hissəsində Prezident İlham Əliyevin ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli” elan olunması ilə əlaqədar imzaladığı 2022-ci il 29 sentyabr tarixli Sərəncamı öz əksini tapıb.
Konfransın layihə rəhbəri, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov kitaba yazdığı ön sözdə konfransın məqsəd və əhəmiyyətindən geniş söz açıb.
Qeyd edib ki, konfransa müzakirə üçün 200-dən artıq elmi-tədqiqat işi, məqalə və tezis təşkilat komitəsinə, redaksiyaya təqdim edilmişdir. Bu tədbir son beş ildə Qazaxda keçirilən sayca beşinci Respublika elmi konfransı və Beynəlxalq Elmi konfransdır. Bu ilk konfransa bu qədər yüksək maraq və diqqətin olmasını biz Ulu Öndər Heydər Əliyev şəxsiyyəti, həyatı və fəaliyyəti ilə əlaqələndiririk.
Kitabda konfransa təqdim edilmiş elmi tədqiqat işləri, məqalə və tezislər nəfis şəkildə çap olunub.