Beynəlxalq Qırmızı Xaç Komitəsi nəyə görə itkin düşmüş azərbaycanlıları taleyi ilə maraqlanmır? - Bu təşkilat kimə lazımdır?

Beynəlxalq Qırmızı Xaç Komitəsi nəyə görə itkin düşmüş azərbaycanlıları taleyi ilə maraqlanmır? - Bu təşkilat kimə lazımdır?
SİYASƏT
20:07 25.07.2023
414
"Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə sadiq olduğu dəyərlərə uyğun hərəkət etmədi".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 

 

Deputat bildirib ki, bu komitə beynəlxalq konvensiyanı kobud şəkildə pozub: 

"Ümumiyyətlə, Qırmızı Xaç Komitəsi yarandığı zamandan əsas missiyası humanitar dəyərlərə, insan dəyərlərinə hörmət, münaqişə, müharibə zonasında əsirlərlə bağlı olan konvensiyaya uyğun davranış və s. bir çox öhdəlikləri daşıyır. Lakin bu təşkilat çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə Ermənistan-Azərbaycan arasındakı münaqişə dövründə həmin dəyərlərə uyğun hərəkət etmədi. Mən bununla bağlı parlamentdəki çıxışımda da söyləmişdim ki, bu komitə əvvəlcə beynəlxalq konvensiyanı kobud şəkildə pozur, Azərbaycanın suveren ərazisinə və onun vətəndaşları ilə bağlı məsələlərə digər ölkə paytaxtından koordinasiya edir. Bu, tamamilə yolverilməzdir. Dəfələrlə rəsmi Bakının təşkilata məktub ünvanlaması və onların Xankəndi və digər ərazilərdə yaşayan insanlarla ünsiyyətini Bakıyla əlaqələndirməli olduğu təklif edilib. Bu məsələ Beynəlxalq Qırmızı Xaç Təşkilatı tərəfindən qulaq ardına vurulur. Hələ bununla bağlı heç bir qanuni addım atılmayıb".

Deputat qeyd edib ki, həm 1-ci, həm də 2-ci Qarabağ Müharibəsi dövründə bu komitənin erməni seperatçılarla sövdələşməsi olduğu görünürdü:

"Digər məsələ, təşkilat 1-ci Qarabağ Müharibəsinin əvvəllərində də öz missiyasını qanunauyğun həyata keçirmədi. O dövrdə də təşkilat azərbaycanlı əsirləriylə bağlı danışılanda, onların ailələriylə ünsiyyətlərində bir çox məsələləri göz ardı etdi. Bir çoxuna diqqət yetirmədi. Əlil azərbaycanlıların DNK-sı yoxlanılsa da, onların kimliyi barəsində məlumat verilmədi. Hətta o dövrdə də, indi də bu təşkilatın seperatçılarla sövdələşmədə olduğu görülürdü. Bir çox vaxtlarda Azərbaycan tərəfinin tələblərinə baxılmırdı. Erməni tərəfi isə yalan üzərində qurduqları məsələləri bildirəndə komitə tərəfindən reaksiya gəlirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nə 1-ci Qarabağ Müharibəsi zamanı, nə də 2-ci Qarabağ Müharibəsi zamanında həm itkin düşmüş insanların taleyi ilə bağlı, həm də digər humanitar missiyalarla əlaqədar öz nizamnaməsinə uyğun fəaliyyət həyata keçirmir. Biz dəfələrlə bu məsələ ilə bağlı təşkilata müraciət etmişik, amma hər dəfə bu suallarımız, təkliflərimiz cavabsız qalır. Təbii ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi iş prinsipi ilə bağlı ciddi düşünməli və beynəlxalq hüquqa uyğun fəaliyyət həyata keçirməlidir".

Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev də AZXEBER.COM-la fikirlərini bölüşüb.
 

 

Deputat söyləyib ki, cənab Prezident İlham Əliyev dəfələrlə ermənilərin əsir və itkin düşənlərlə bağlı heç bir məlumat vermədiyini deyib:

"Dəfələrlə cənab Prezident İlham Əliyev beynəlxalq platformalarda və üçtərəfli görüşlərdə Ermənistan tərəfinin 1-ci Qarabağ Müharibəsi zamanı əsir və itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə dair heç bir məlumat verməməsini səsləndirib. Ermənistan bu məsələ ilə bağlı susur, real addımlar atmır. Ən utancverici məsələ isə Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələdə də Azərbaycanın çağırışlarına cavab vermir, köməklik göstərmir".

O hesab edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanın təsiri altındadır:

"Biz Laçın yoluna humanitar yardım məqsədləriylə keçən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinə bağlı olan avtomobillərdə qaçaqmalçılıq hallarına rast gələndən sonra qətiyyətlə deyə bilərik ki, Ermənistana bağlı olan Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanın təsiri altındadır və ermənilərin icazəsi olmadan onlar Azərbaycanın xeyrinə hansısa addım atmırlar. Hətta mərkəzi ofisin təzyiqlərinə baxmayaraq bu gün də həmin ərazilərdə Ermənistan ofisinə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi fəaliyyət göstərir və bu baxımdan biz Azərbaycan ərazilərində Bakı ofisinə bağlı bu komitənin humanitar missiyasını yerinə yetirməsini istəyirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu günə qədər Azərbaycana Ermənistan qədər yaxın münasibət bəsləməməsində də müəyyən ikili standartlar var. Hər hansı bir quldur dəstəsi üzvləri azərbaycanlılar tərəfindən əsir götürüldükdə, beynəlxalq təşkilatlar hay-küy salır, Azərbaycana qarşı çox aqressiv münasibət sərgiləyirlər, ancaq Ermənistan tərəfi eyni addımı atdıqda və yaxud azərbaycanlı əsirlərə qarşı kobud davrandıqda buna dair kifayət qədər video görüntülər, sübutlar olmasına baxmayaraq onlar sanki bunu görməzdən gəlirlər".

Deputat ümid edir ki, sözügedən komitə öz ikili standartlarından əl çəkərək Azərbaycana da ədalətli münasibət bəsləyəcəkdir:

"Bu baxımdan təəssüflər olsun ki, sözügedən komitə ikili standartlardan çıxış edib azərbaycanlıların taleyiylə bağlı doğru məlumatların Azərbaycan tərəfinə və beynəlxalq ictimaiyyətə ötürülməsində səhlənkarlıq edir. Onlar beynəlxalq təşkilatlar qarşısında da ermənilərin etdiyi ədalətsizliyə, vəhşiliklərlə əlaqədar vəsatət qaldırmır. Əksinə, ermənilər törətdiyi hərbi cinayətləri, soyqırımları ört-basdır edir. Bu aspektdən də biz beynəlxalq ictimaiyyəti bu məsələdə ədalətli yanaşmaya dəvət edirik və ümid edirik ki, nəhayət, Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni diasporunun və Ermənistanın təsirlərindən canını qurtaracaq habelə insan haqlarının müdafiə edilməsində ikili standartlarından əl çəkərək Azərbaycana da ədalətli münasibət bəsləyəcəkdir".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR