“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək. Bunu Trend-ə Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib. Onun sözlərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. “Qonaqlardan xəstəliklə bağlı müraciətlər olsa, həmin şəxslər bu müəssisələrə aparılacaqlar”, - Nağıyev əlavə edib. O deyib ki, müəssisələr mayın 12-dən - "Eurovision"un məşqləri başlayandan gücləndirilmiş rejimdə işləyəcək. Adıçəkilən müəssisələrdə bunun üçün lazımi şərait yaradılıb və onlar nəzarətdə saxlanılır. Rauf Nağıyevin sözlərinə görə, müsabiqə ilə əlaqədar dövlət səviyyəsində xüsusi ştab yaradılıb.