Bıçaqlanan Rafiq Tağı kimdir?

Bıçaqlanan Rafiq Tağı kimdir?
Bütün Xəbərlər
23:59 19.11.2011
2616

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. Məlumata görə, naməlum şəxslər ona dayanacaqda hücum edərək, boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar.

BIÇAQLANAN RAFİQ TAĞI KİMDİR?

Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Azərbaycanın Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləmişdir. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışmışdır.Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğuldur. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilmişdir. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub. 2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilmiş, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə həbs olunmuş, ona 3 il iş kəsilmiş, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılmışdır.“EQO” Yaradıcılıq Ordeninin üzvü olub. Hazırda Azad Yazarlar Ocağının üzvüdür.Çap olunmuş nəsr kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv.Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006). Yaxın vaxtlarda “Ekstremal şeirlər” kitabını və esselərdən ibarət ikicildliyini çap etdirmək arzusundadır.
OXŞAR XƏBƏRLƏR