Biləsuvar sakini dövlət orqanlarına açıq məktub yazdı - MƏTN
Bütün Xəbərlər
11:20 13.03.2012
3020
AZXEBER.COM xəbər portalının redaksiyasına Biləsuvar rayon sakini Xankişiyev Vaqif Təvəkkül oğlundan məktub daxil olub. Rayon sakini dövlət orqanlarına açıq məktub ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik: Dövlət orqanlarına Mən Xankişiyev Vaqif Təvəkkül oğlu 1958-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşam. 1980-cı ildə Gəncə Baza İnşaat Texnikumunu (Qaz təsərrüfatı ixtisasını) bitirmişəm. 1980-cı ildən 1995-ci ilə qədər Biləsuvar rayon Qaz İstismarı İdarəsində usta işləmişəm. 1995-ci ildə rayonlara qaz verilməsi dayandığına görə kütləvi şəkildə işimizi itirdik. 2000-ci ildən rayonlara qaz verilməsi prosesi yenidən başlandı, Biləsuvar rayon Qaz İdarəsi də işə düşdü. 2000-ci ildən mütəmadi olaraq həmin idarəyə işə düzəlmək üçün müraciətlər edirəm. Uzun müddətdir ki, get-gəllərdəyəm. Dövlət orqanlarına ünvanladığım müraciətlərə cavab olaraq Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Baş didektorun Satış və İstismar üzrə müavini Elxan Hacıyev bildirir ki, qaz idarəsində işə qəbul olunmaq üçün müsabiqədən keçməliyəm. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə ARDNŞ-in mütəxəssislərindən ibarət qrupun müsahibəsindən ibrətdir. Sual edirəm, mən öz rayonumda qaz idarəsində fəhlə düzəlmək üçün nəyə görə test sınaq imtahanından keçməliyəm? Axı mən instituta-zada qəbul olmuram! Axı Sovet vaxtında belə şeylər yox idi. Hələ bu azmış kimi Socar-ın saytına girib veb-səhifənin hansısa bölməsində iş axtarıram cədvəlini doldurmalıyam! Mən 30 ilin mütəxəssisiyəm, başqa ölkələrdə bu cür kadrları göydə axtarırlar. Sakit bir adamam, öz işini bilən, heç vaxt qalmaqallarda əlim olmayıb. İşlədiyim müddətdə yaxşı, qabaqcıl mütəxəssis kimi tanınmışam, rəhbərlik tərəfindən dəfələrlə təltif olunmuş və mükafatlandırılmışam. Məgər hal-hazırda Biləsuvar Qaz İdarəsində işləyən işçilər ora müsabiqə yolu ilə götürülübmü? Maraqlıdır ki, keçmiş polis işçisi, poçt işçisi, ferma işçisi, tikinti adamı orada iş tapa bilir, amma mənim kimi sırf öz işinin mütəxəssisi olan adama deyirlər ki iş yoxdur. Məhz bunun nəticəsi idi Biləsuvar kəndlərinə qaz çəkilərkən çoxlu səhvlərə yol verildi, infrastruktur bərbad hala düşdü. Çünki mütəxəssis yox idi. İndi qaz sistemi elə bir acınacaqlı vəziyyətdədir ki, qaz boruları sökülüb yenidən çəkilməlidir. Borular gedən kənd küçələrində qaz iyindən gəzməli deyil, hər yerdən qaz sızır. Bu isə tez-tez neqativ hallara gətirib çıxarır və gələcəkdə böyük təhlükələr törədəcək. Mən başqa heç bir şey istəmirəm, sadəcə uzun illər işlədiyim ixtisasıma uyğun bir sahədə çalışmaq arzusundayam. İstər texniki işçi, usta, sahə rəisi, növbətçi dispetçer, texniki nəzarətçi – nə işi olursa olsun, işləməyə hazıram, əməyimi və təcrübəmi xalq yolunda sərf etmək arzusundayam. Sadəcə bununçün Biləsuvar Qaz İdarəsində xırda bir ştat açılmalıdır. Xahiş edirəm ki, ştat açılması üçün kömək edəsiniz.Xankişiyev Vaqif Təvəkkül oğluBiləsuvar rayonu Təzəkənd kəndiTel: (050) 494 01 60