Bakının Əhmədli qəsəbəsində, Sarayevo və Lütfizadə küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın uzun illərdir sakinlər tərəfindən istifadə olunmadığı bildirilir. Jurnalist Rahil Sayadoğlunun sözlərinə görə, binanın boş qalması onun konstruksiyasında problem və əyrilik olması ilə əlaqələndirilir. Eyni zamanda, binanın aşağı mərtəbələrində müxtəlif iaşə və ticarət obyektləri fəaliyyət göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc AZXEBER.COM-a açıqlamasında deyib ki, binanın indiyədək istifadəyə verilməməsi özü müəmmalı məsələdir:

"Birincisi, binanın indiyədək istifadəyə verilməməsi özü müəmmalı məsələdir. Rəsmi versiyaya görə, indiyə qədər bina təhvil-təslim prosesindən keçməyib, konstruksiya problemlərinin və əyriliyinin olduğu barədə iddialar səslənir. Həmçinin binanı tikən şirkət ilə həmin binada yaşayışa icazə verən qurumlar arasında problem olduğu deyilir. Amma nəzərə alsaq ki, binanın birinci mərtəbəsində hazırda böyük bir market fəaliyyət göstərir, burada sual yaranır: əgər binada yaşayış üçün təhlükə varsa, marketin fəaliyyətinə niyə icazə verilir? Marketə hər gün minlərlə insan daxil olur. Əgər binada konstruksiya problemi varsa və normativ tələblərə əməl edilməyibsə, bu, marketə gələn və orada çalışan vətəndaşlar üçün də ciddi təhlükə yarada bilər”.
O qeyd edib ki, bu məsələni yalnız ehtimallarla izah etmək düzgün deyil:
"Binanın tikintisinin 2000-ci illərdən bəri başa çatdığı bildirilsə də, orada yaşayışa niyə icazə verilmədiyi mütləq rəsmi qurumlardan soruşulmalıdır. Bu məsələni yalnız ehtimallarla izah etmək düzgün deyil. Əgər bina texniki vəziyyətinə və istismara yararlılığına görə yaşayış üçün uyğun deyilsə, aidiyyəti dövlət qurumları bu barədə rəsmi məlumat paylaşmalı, səbəbləri ətraflı açıqlamalıdır. Binanın uzun müddət boş qalması həm hüquqi, həm də texniki baxımdan araşdırılmalıdır. Tikintinin normativlərə uyğun aparılıb-aparılmadığı, hansı şirkət tərəfindən həyata keçirildiyi və məsuliyyətin kimə aid olduğu müəyyənləşdirilməlidir. Xüsusilə binanın aşağı mərtəbəsində müxtəlif obyektlərin və mağazaların fəaliyyət göstərməsi bu məsələyə aydınlıq gətirilməsini zəruri edir. Əgər binada hər hansı problem varsa, qeyri-yaşayış sahələrinin və mağazaların da fəaliyyəti dayandırılmalıdır”.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən binaya tərəfimizdən istismara hazırlıq aktı verilib:
"Qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Fövqəladə Hallar Nazirliyinin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib”.
Şahanə Ziyad











































