Binalarımız nə qədər təhlükəsizdir? - Dünya ölkələri ilə müqayisədə…

Binalarımız nə qədər təhlükəsizdir? - Dünya ölkələri ilə müqayisədə…
SOSİAL
17:11 10.08.2026
151
Son zamanlar həm paytaxt Bakıda, həm də müxtəlif bölgələrimizdə yerləşən mənzillərdə və yaşayış binalarında baş verən yanğın hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. 

Tez-tez qarşılaşdığımız bu fəlakətlər təkcə böyük maddi ziyanla deyil, təəssüf ki, insan itkiləri və ağır xəsarətlərlə də nəticələnir.

Problem gündəmə gəldikcə, binaların tikintisində və istismarında yanğın təhlükəsizliyi standartlarının nə dərəcədə gözlənildiyi müəyyən suallar yaradır.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda mövcud tikinti norma və qaydalarına əsasən, çoxmərtəbəli  binalar inşa edilərkən yanğınəleyhinə divarların olması, tüstüyə qarşı təxliyə yollarının və müasir yanğınsiqnalizasiya sistemlərinin quraşdırılması tələb olunur. Xüsusilə yeni tikilən yüksəkmərtəbəli binalarda yanğın söndürmə hidrantları və su çənlərinin mövcudluğu məcburidir. Lakin reallıqda bir çox binalarda yanğın pilləkənlərinin sakinlərlə tərəfindən qapadılması, həyətlərdə sıx parklanma səbəbindən xilasetmə texnikasının hərəkətinin çətinləşməsi və köhnə binalarda elektrik naqillərinin həddindən artıq yüklənməsi əsas risk faktorları olaraq qalır.

Binalarda yanğın təhlükəsizliyi və tikinti standartlarının sərtləşdirilməsi yalnız Azərbaycanda deyil, bütün dünyada ciddi müzakirə olunan əsas məsələlərdəndir. Xüsusilə faciəvi yanğın təcrübələrindən sonra bir çox ölkələr tikinti materiallarına və təhlükəsizlik sistemlərinə dair qanunvericiliyi kəskin şəkildə dəyişiblər.

Böyük Britaniya 
2017-ci ildə Londondakı "Grenfell Tower" çoxmərtəbəli binasında 72 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğından sonra ölkədə tikinti standartları kökündən yeniləndi. Yanğının sürətlə yayılmasına binanın xarici fasadında istifadə olunan tezalışan izolyasiya panellərinin səbəb olduğu üzə çıxdı. Bundan sonra Britaniyada 18 metrdən hündür olan bütün yaşayış binalarının fasadında yanar materialların istifadəsi tamamilə qadağan edildi. Həmçinin yeni inşa edilən hündürmərtəbəli binalarda avtomatik sulama  sistemlərinin quraşdırılması məcburi hala gətirildi.

Almaniya 
Almaniyada tikinti norma və standartları dünyanın ən sərt yanğın təhlükəsizliyi qaydalarından sayılır. Burada binalar tikilərkən materiallar yanma dərəcəsinə görə kəskin təsnif edilir və yaşayış binalarında yalnız yanmayan izolyasiya materiallarından istifadəyə icazə verilir. Bundan əlavə, ölkə qanunvericiliyinə əsasən, mənzil sahibləri bütün yataq otaqlarında və koridorlarda tüstü detektorları quraşdırmağa borcludurlar. Bu cihazların işlək vəziyyətdə olması mütəmadi olaraq yoxlanılır.

BƏƏ (Dubay) 
Hündürmərtəbəli göydələnləri ilə tanınan Dubayda bir neçə il əvvəl yaşanan bina yanğınlarından sonra "Yanğın Təhlükəsizliyi və Tikinti Məcəlləsi" yeniləndi. Yeni qaydalara əsasən, binaların fasad örtükləri alüminium yanmaz panellərdən ibarət olmalıdır. Həmçinin Dubayda binalardakı yanğınsiqnalizasiya sistemləri birbaşa Mülki Müdafiə Qərargahının mərkəzi monitorinq şəbəkəsinə  inteqrasiya olunub. Bu sayədə binada tüstülənmə olan kimi insan faktoru olmadan avtomatik olaraq yanğınsöndürmə briqadasına siqnal ötürülür.

Yaponiya 
Zəlzələ zonası olan Yaponiyada binalar inşa edilərkən həm seysmik, həm də yanğın riskləri paralel nəzərə alınır. Yaponiyada binaların tikintisində yanğının bir mənzildən digərinə keçməsinin qarşısını alan xüsusi oda davamlı kərpic və arakəsmələrdən istifadə olunur. Ölkə qanunlarına görə, hər bir çoxmərtəbəli binada ən azı iki müstəqil təxliyə yolu olmalı, eyvanlar arasında isə yanğın zamanı asanlıqla qırıla bilən və aşağı mərtəbəyə keçməyə şərait yaradan xüsusi yanğın lyukları quraşdırılmalıdır.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR