Paytaxda yanma təhlükəli üzlüklü binalardan bəzilərində işlər Avropa Oyunları ilə əlaqədar dayandırılmışdı. Oyunlardan bir neçə gün sonra artıq həmin işlərə start verilib. Hazırda tikinti şirkətləri işləri sürətləndiriblər.
Birinə üzlük, digərinə isə boya vurulur. Bakıda yarımçıq qalmış binaların tezalışan üzlüklərinin dəyişdirilmə işlərinə yenidən start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə işlər sürətlə davam etdirilir.
Artıq bir neçə gündür ki, paytaxda yanma təhlükəli üzlüklə üzlənmiş binalara yeni üzlüklərin vurulması işlərinə start verilib. Bu işlərdən biri hazırda Nərimanov rayonu Məmməd Araz küçəsində 9 mərtəbəli yaşayış binasında həyata keçirilir.
Sözü gedən ünvandakı binada ''poliuretan'' üzlüklər sökülüb, əvəzində yanmaya davamlı ''betopan'' üzlük vurulur.
İş icraçısı Həmdullah Ağayevin verdiyi məlumata görə üzlük vurulduqdan sonra rənglənəcək. 110 mənzildən ibarət binada işlər bir həftə müddətində yekunlaşacaq.
Nərimanov rayonu Təbriz küçəsində 9 mərtəbəli binalardan birində isə işlər yekunlaşmaq üzrədir. Hazırda həmin binada da rənglənmə işləri aparılır. İş icraçısının sözlərinə görə hər iki tərəfin rənglənməsi 2-3 gün müddətində yekunlaşacaq.