Yol polisinin döş nişanının olmamasının və özünü təqdim etməməsinin səbəbini soruşan sürücüyə polis əməkdaşından verilən cavab belə oldu.
Bu günlərdə Gundem.Az informasiya portalının redaksiyasına yol polislərinin vətəndaşlarla, sürücülərlə qeyri-etik davranışı, polis adına, şərəfinə ləkə gətirəcək hallarla bağlı ilginc məlumatlar daxil olur.
Bəzi məlumatların fakt olaraq təsdiqlənmədiyi və yaxud da o qədər də ciddi qanun pozuntu olmadığını nəzərə alıb məsələni ictimailləşdirməkdən vaz keçdik. Redaksiyamız üçün Azərbaycan Respublikasının təhlükəsizliyi, sabitliyi naminə fədakarcasına fəaliyyət göstərən polislərin neqativ hallarını işıqlandırmaq o qədər də ürəkaçan hal deyil.
Dünən redaksiyamıza daxil olan bir məktub yuxarıda sadaladığım bir çox nünslardan fərqli olaraq yol polisinin birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, bütövlükdə, dövlətçiliyimizə qarşı böyük bir zərbə ola biləcəyi heç kimdə şübhə doğurmur. Təbii ki, bu amil öz növbəində sürücülərlə, ziyalı vətəndaşlarla dövlət arasında ciddi uçurumun əmələ gəlməsi ilə də nəticələnə bilər. Binəqədi Yol Polisinin əməkdaşı çavuş Qasımov Cavanşirin ziyalı insana qarşı qeyri-etik münasibətini özündə əks elətirən məktubu olduğu kimi təqdim edirik:
“Hörmətli Media nümayəndələri.
Bu yazını yazmaqda çox tərəddüd elədim. Çünki uzun illər Azərbaycan dövlətinə, onun rəhbərliyinə xidmət eləmiş elm adamı və Yeni Azərbaycan Partiyasının 2000-ci ildən bəri üzvü olaraq dövlətimizin təhlükəsizliyinin keşiyində duran hüquq-mühavizə orqanlarının əməkdaşları haqqında hər zaman xoş sözlər deməyə və eşitməyə adət etmişəm. Çox təəssüf ki, bəzi hallarda öz peşəsinin məsuliyyətini dərk etməyən, polis adını şərəflə daşımağı bacarmayan insanlara da rast gəlirik. Bir çox hallarda buna göz yummağa çalışıram. Vaxt gələr bu da düzələr deyə səbr etməyi özümə borc bilmişəm. Bu məktubu yazmaqda tək məqsədim mənə qarşı olan qeyri-etik, vandal münasibəti və vurulmuş maddi ziyanı icmailləşdirmək deyil, eyni zamanda bu kimi halların təkrar olunmasının qarşısını almaqdan ibarətdir.
29 aprel 2014-cü il tarixdə axşam saat təqribən 21:00-dan 21:30 arası Binəqədi rayonu ərazisində “Elit” ticarət mərkəzinin qarşısına doğru hərəkət edərkən yolun əsas hissəsinin Binəqədi Yol Polisinin əməkdaşı tərəfindən xidməti maşın vasitəsi ilə bağlandığını gördüm. İdarə etdiyim Mercedes markalı avtomobillə polisin xidməti maşınına yaxınlaşdım. Polisin yolu dönərək keçmə əməliyyatı edəcəyini düşünüb avtomobilimi tamamilə saxladım və ona yol vermək istədiyimi bilmdirmək üçün işıqla işarə verdim. Lakin polis yerində duracağını bildirərək əli ilə mənə keçib getməyim üçün işarə verdi. Mən polis maşının qarşısından keçən kimi müfəttiş dərhal saxlamağımı əmr etdi. Mən də əmrə tabe oldum. Mənə yaxınlaşan Binəqədi Yol Polisinin əməkdaşı çavuş Cavanşir Qasımov özünü təqdim etmədən sənədlərimi tələb etdi. 53 yaşım var və 25 il pedaqoji fəaliyyət göstərmişəm. Hər zaman özümə, bütövlükdə bütün ziyalılarımıza qarşı hörmətlə müraciətin tərəfdarı olmuşam. Yol polsinin də sürücülərə “Siz” deyə müraciət etməsini, özünü necə təqdim etməsini çox gözəl bilirəm. Bu polis əməkdaşından nəinki bunu görmədim, əksinə daha kəskin, küçə insanının təbiyəsinə xas olan halları müşayət etdim. Yaxasında döş nişanının olmamasına, polisin özünü təqdim etməməsinə baxmayaraq sənədlərimi ona təqdim etdim. Saxlama səbəbini yenə deməyərək ünvanıma müəmmalı ittihamlar işlətməyə başladı. “Bu maşını necə alıbsan?”, “Sən nə işlə məşğul olursan” bu və ya bu kimi suallarla sanki məni psixoloji gərginliyə salmağa və nəhayət münaqişə çıxartmağa cəhd edirdi. Təbii ki, mən bunları çox gözəl başa düşürdüm və eyni formada onun cavabını verdim və özünü təqdim etməsini və məni nə üçün saxladığının səbəbini tələb etdim. Mənim bu tələbim onu özündən çıxardı. Və o “Sənin bu sualı verməyə haqqın yoxdur, and olsun ki, səni öldürərəm. Sən kimsən ki, məndən özümü təqdim etməyimi tələb edirsən” deyərək heç nəyə məhəl qoymayaraq mənim maşınıma əyləşdi. Bu zaman qoltuqaltında olan avtomobilə quraşdırılmış bahalı avtotelefonu dirsəyi ilə qırdı. Daha sonra maşın bunun şəxsi mülki imiş kimi davranmaqdan tutmuş mənim yaxamı darmağına qədər bütün tərbiyəsizliyi, etikadan uzaq hərəkətlərin hamsını yüksən “səviyyədə” yerinə yetirmiş oldu. Mən hətta ani bir məqamda o polis əməkdaşının içkili və yaxud da hansısa başqa bir maddənin təsiri altında olduğunu güman etməyə başladım. Bəzən isə onun heç polis olmadığından şübhələndim. Bu məqamda hadisələrin bu cür gedişatını görən digər yol polisini müfəttişi mənə yaxınlaşaraq həmkarının hərəkətindən utandığını və maşına dəymiş maddi ziyanın həmkarı əvəzinə özü ödəyəcəyini bildirdi. Mən bir daha qeyd edirəm ki, burda məsələ mənim maşınıma dəyən ziyan deyil. Əsas məsələ niyə bir polis əməkdaşının öz vətəndaşına, ziyalısına qarşı bu cür tərbiyədən uzaq, vandal hərəkətlərə yol verməsini araşdırmaqdan ibarətdir. Bu və bu kimi halların təkrarlanması cəmiyyətdə polisə qarşı münasibətin bir mənalı şəkildə korlanmasına gətirib çıxaracaqdı. Hörmətlə Nurəddin Quliyev, pedaqoq-ziyalı”
Nurəddi Quliyevin yuxarıda sadaladığı faktlar olduqca ciddi və yolverilməzdir. Bu faktların dövlətimizin hansı qanunlarına zidd olduğunu diqqətinizə çatdırmaq üçün qısa araşdırma apardıq.
Qeyd:
Beləliklə, 19 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»dan çıxarışlardan bəzi məqamları Sizin diqqətinizə çatdırırıq:
YOL POLİSİ MAŞINI HANSI HALDA SAXLAYA BİLƏR?
sürücü yol hərəkəti qaydalarını pozduqda;
hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (sərxoşluq,yorğunluq) və s;
nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayət törədilməsində şübhə olması barədə məlumat olduqda;
nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;
nəqliyyat vasitəsinin ön şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;
nəqliyyat vasitələrini idarə edən şəxslərin sənədlərini yoxlamaq məqsədilə stasionar postda xidmət apardıqda;
xüsusi tədbirlər keçirildikdə (yaxalama və s.) .
Müfəttiş nəqliyyat vasitəsinin dayanması barədə tələbi fitlə, jezllə işarə verməklə və ya səsgücləndirici cihazla edir. Bu tələb elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın.
Nəqliyyat vasitəsinin dayanma və durma qadağan edilən yerlərdə saxlanılmasına icazə verilmir, şəhər kənarında saxlanılan nəqliyyat vasitəsi yolun çiynində dayandırılmalıdır.
GECƏ VAXTI POLİS MAŞINI NECƏ SAXLAMALIDIR?
Gecə vaxtı nəqliyyat vasitəsi yalnız stasionar postlarda, habelə ondan kənarda yol polisi naryadının tərkibində iki müfəttiş olduqda saxlanıla bilər.
Ekipajda iki müfəttiş olduqda sükan arxasında olmayan müfəttiş keşik avtomobilindən düşür və saxlanılmış nəqliyyat vasitəsinin arxasından keçərək sürücüyə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmasının səbəbini bildirməklə ondan aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir:
sürücülük vəsiqəsini;
sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda, onu əvəz edən müvəqqəti icazə vərəqəsini;
fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni;
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə, xüsusi razılıq (lisenziya) və ya yol vərəqəsini;
daşınan yüklərə dair sənədləri;
nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
sərnişin daşınmaya cəlb olunmuş nəqliyyat vasitələri üçün marşrut vərəqəsini ;
təhlükəli və iri qabaritli yük daşınmasının hərəkət marşrutu və qəza vərəqəsi, belə daşımaya ijazə şəhadətnaməsi (sürüjü və nəqliyyat vasitəsi) və s.
YOL POLİSİ SƏNƏDİ GÖTÜRÜB ÖZ MAŞININA GİRMƏMƏLİDİR
Müfəttiş vacib halda sürücüdən saxlanılmış nəqliyyat vasitəsinin mühərrikinin söndürülməsini və onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir, sürücü ilə danışıqları və sənədələşməni bir qayda olaraq yol çiynində (səkidə) aparır. Bu zaman nəqliyyat vasitəsinə söykənmək (onun üzərində və içərisində yazı yazmaq, ayağını ayaqaltıya və ya bamperə qoymaq və s.) yolverilməzdir. Müfəttiş yalnız əlverişsiz hava şəraitində (külək, yağmur) sənədləşməni keşik avtomobilinin içərisində aparır. İstənilən halda hərəkət iştirakçısının qayda pozuntusunun sənədləşdirilməsi məqsədilə keşik nəqliyyat vasitəsinə mindirilməsi qadağandır.
MAŞINI NƏ VAXT SÜRÜCÜDƏN ALIRLAR?
Keşik marşrutu və postunda xidmət aparan yol polisi müfəttişi aşağıdakı hallarda dayandırılmış nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırır və mühafizə olunan duracağa göndərir:
nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birgə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi olmadıqda;
nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, saxta və ya qeyri standart olduqda;
nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;
nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.
YOL POLİSİ YALNIZ “SİZ”LƏ DANIŞMALIDIR
Müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına “siz”, “cənab (xanım) sürücü (piyada və s.)” və “vətəndaş” deyərək müraciət edir.
Müfəttiş nəqliyyat vasitəsini saxladıqdan sonra sürücüyə yaxınlaşır, özünü təqdim edir və aşağıdakı hallarda onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir:
nəqliyyat vasitəsinin nasazlığının və yükün daşınma qaydaları pozuntularının aradan qaldırılması məqsədilə;
sürücünün alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə olduqda;
sürücü və sərnişinlərdən birinin yol nəqliyyat hadisəsi və ya cinayət törətməsi barədə məlumat olduqda;
müfəttişin saxlanılmış nəqliyyat vasitəsinin yanında durması onun həyatı üçün təhlükəlidirsə və ya hərəkətə maneə törədirsə.
Müfəttiş Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinə müvafiq olaraq, aşağıdakı qaydada özünü hərəkət iştirakçılarına təqdim etməlidir:
sağ əlini papağına dayayaraq hərbi təzim qaydasında vəzifəsini, rütbəsini, soyadını deyir və əlini aşağı salaraq nəqliyyat vasitəsinin dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir.
Müfəttiş özünü sərxoş halda olan hərəkət iştirakçılarına təqdim etməyə bilər. Nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya yol nəqliyyat hadisəsi törətməkdə, habelə sərxoş vəziyyətdə olmaqda şübhəli olduqda saxlamanın əsas səbəbini müfəttiş ona bildirməyə bilər.
Müfəttiş göstərişlərini qısa və aydın tərzdə ifadə edərək onların ikili mənada başa düşülməsinə yol verməməlidir. O, hərəkət iştirakçısına hərəkətlərinə görə izahat verməsinə imkan yaratmalı, lakin uzun müddətli danışıqların qarşısını almalıdır. Hərəkət iştirakçısı müfəttişin göstərişlərini yüksək həssaslıqla qəbul edirsə və əsəbiləşirsə ona sakitləşmək üçün vaxt verilməlidir və bundan sonra yol hərəkəti qaydası pozuntusunun məzmunu və onun “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsində nəzərdə tutulduğu bildirilməlidir.
Müfəttiş şəxsi hisslərə qapanaraq narazılıq bildirən və qanun pozuntusu halı ilə razılaşmayan yol hərəkəti iştirakçısı barəsində qəbul edilən inzibati cəzanı ağırlaşdırmamalıdır. Mübahisə yarandıqda müfəttiş öz vəzifəsi, rütbəsi və soyadını təkrarən bildirməli, habelə inzibati məsuliyyətə cəlb etmək haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Qanun pozuntusu barədə iradların valideynlərə uşaqlarının yanında bildirilməsi qadağandır.
Müfəttiş azyaşlı yol hərəkəti iştirakçılarına onların yol vermiş olduqları pozuntuların gələcəkdə yol verilməzliyini qısa və inandırıcı şəkildə izah etməlidir.
Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı müfəttişin qanuni tələblərini icra etməkdən imtina edirsə, müfəttiş bu barədə rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədilə növbətçi hissəyə məlumat verir.
Müfəttişin yol hərəkəti iştirakçılarından hər hansı bir hədiyyə qəbul etməsi qadağandır.
Bu maddələri oxuduqca Binəqədi Yol Polisinin əməkdaşı çavuş Cavanşir Qasımovun Cənab Nazirin imzaladığı təlimatın bir yox, bir neçə müddəasını kobud şəkildə pozduğunun şahidi olduq.
Jurnalist etikasını nəzərə alıb qarşı tərəfin də mövqeyini öyrəndik. Binəqədi Yol Polisinin əməkdaşı çavuş Cavanşir Qasımovla telefonla əlaqə yaratdıq. Yuxarıdakı məsələni olduğu kimi onun diqqətinə çatdırdıq. Lakin C.Qasımov bunun şər və böhtan olduğunu dedi: “Onlar mənə şər atırlar. Bu böhtandır”
Hər halda bir ziyalının tanımadığı polis əməkdaşına nədən şər atsın deyə sual ortaya çıxır. Hər-halda mövzuya yenidən qayıdacağıq. Bu barədə gün ərzində DİN mətbuat xidməti ilə də əlaqə sxlamağa çalışacağıq.
AZXEBER.COM