297 saylı orta məktəbdə qalmaqal; 10-cu sinif şagirdi ingilis dili müəlliminin onu vurduğunu iddia edir
"Mən Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına 297 saylı orta məktəbində 10 “r” sinfində oxuyuram. Məni müəllim döyüb və təhqir edib, ondan şikayətçiyəm”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Bizimyol.info-ya Əlizadə Zemfira Fikrət qızı bildirib.
“Mən ingilis dili fənindən dərs deyən Azerma Mirzəyevadan şikayətçiyəm. İngilis dili fənnində sinifimiz iki qrupa ayrılır. Mən onun qrupunda deyiləm. 23 aprel 2014-cü il tarixində müəllimimiz məktəbə gəlmədiyi üçün bizim qrupa da o dərs deməli idi. Dərs vaxtı bizə dedi ki, istədiyimizi edə bilərik, yəni sərbəstik. Müəllim bizə “Mən sizə dərs keçən deyiləm” dedi. Mən də sinif yoldaşımla söhbət etməyə başladım və güldüm. Gülüş səsim də yüksək olmadı. Müəllim yavaş-yavaş mənə yaxınlaşaraq məni vurdu. Mən Azerma müəllimə “sizin məni vurmağa ixtiyarınız yoxdur” dedim. O isə mənə “dur cəhənnəm ol sinifdən” dedi. Mən sinifdən çıxdım, ardımca bütün qızlar otağı tərk etdilər”.
Zemfira Əlizadə müəllimdən şikayət etmək üçün tədris məsələləri üzrə direktor müavini Lalə müəllimin yanına getdiklərini dedi: "O bizə bildirdi ki, direktor Fazil Məmmədov onun otağındadır, sonra onun qəbuluna gələrik. Direktor otağı tərk edəndə bizi gördü. Dərs vaxtı sinifdə olmamağımızın səbəbi ilə maraqlandı. Biz susduq. O Azerma müəllimdən soruşdu ki, niyə bizə sinifdə deyilik? O da direktora cavab verdi ki, bizim müəllimimiz məktəbdə deyil. Direktor Azerma müəllimə bildirdi ki, o müəllimdir, onun işi dərs keçməkdir və bizə dərs keçməlidir”.
Məktəblinin sözlərinə görə, Azerma Mirzəyeva bundan öncə onun rəfiqəsini təhqir edib: “O şagirdlərlə davranmağı bacarmır. Şagirdləri aşağılayır, şərəf və ləyaqəti alçaldan sözlər deyir. Ona görə də, bu müəllimdən şikayətçi şagirdlərin sayı çoxdur. O ingilis və ermənilərin azərbaycanlılardan mədəni və ədəbiyyatlarının zəngin olduqlarını deyir, bu millətlərin bizdən üstün olması ilə bağlı məktəbdə təbliğat aparır. Mən həmişə onunla mübahisə edirdim. Azərbaycanlıların ədəbiyyatının zəngin olduğunu, mədəni xalq olduğunu bildirirdim. Ona görə də o mənə qərəzli idi. Məni təhqir etməyə və problem yaratmağa imkan axtarırdı”.
Zemfira Əlizadə bildirdi ki, hadisədən iki gün sonra direktorun müavini onu qəbul edib: “Şikayətimi Lalə müəllimə bildirəndə o mənə “müəllimə nə üçün "ixtiyarın yoxdur" demisən? Gərək deməzdin” deyə məni təqsirləndirdi. Bundan sonra anama baş verənlərlə bağlı məlumat verdim. O məktəbə gəldi. Anamın yanında da Azerma Mirzəyeva məni təhqir edib söyüş söydü”.
Z.Əlizadənin tələbi odur ki, onun şərəf və ləyaqətinin alçaldılmasına görə Təhsil Nazirliyi səviyyəsində Azerma Mirzəyeva haqqında tədbir görülsün. Məktəblinin müraciəti ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.