Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda yeni qadağalr tətbiq edib. İcra başçısının göstərişi ilə Biləcəri qəsəbəsində vətəndaşlara məxsus onlarla evlərin və ticarət obyektinin sökülməsi yerli sakinlərin kütləvi etirazına səbəb olub. Binəqədi rayon İcra Hakimiyyəti aparatında çalışan əməkdaşlardan biri yeni başçının onlarla görüşdə maraqlı bəyanat müəllifi olduğunu əməkdaşımızın diqqətinə çatdırıb. Xaləddin İsgəndərov ölkə başçısından xüsusi səlahiyyətlər aldığını bildirib. Deyib ki, prezident onu bu vəzifəyə təyin edərkən, Binəqədi rayonundakı qanunsuz tikinti bumunu nəzarətə götürməyə, yeni tikililərin qarşısını almaq barədə tapşırıq verib.
Bunları əsas götürən yeni başçı heç kəsə güzəşt edilməyəcəyini bildirib. Məlumatda o da bildirilir ki, Xaləddin İsgəndərov Binəqədini Milli Məclisdən təmsil edən Rəfael Cəbrayılova məxsus olduğu bildirilən obyektin tikintisini yarımçıq saxlayıb.Deputatın özünün bu qərara münasibəti hələlik, məlum deyil. Mənbəmizin sözlərinə görə, Xaləddin İsgəndərov özündən əvvəlki icra başçısı Alı Qocayevin torpaq sahəsinin ayrılması ilə bağlı bir neçə sərəncamını da ləğv edib. Məlumata görə, Alı Qocayev vəzifəsindən azad olunandan bir neçə gün əvvəlki tarixə ayrı-ayrı iş adamlarına Binəqədi rayonu ərazisində torpaq sahəsi ayrılması barədə sərəncam verib.