'Bir də görürsən jurnalistikaya dəxli olmayan bir adam gəlib bu sahə ilə məşğul olur' - MÜSAHİBƏ
MEDİA
16:56 03.05.2012
2605
Əfsələddin Ağalarov: «Mediada marketinq sahəsi olmalıdır ki, media biznes strukturuna çevrilə bilsin».Bu gün media qurumu olaraq tez bir vaxtda tanınmaq, fərqlənmək və maraq doğurmaq o qədər də asan iş deyil. Özü də belə bir informasiya bolluğunda. Amma bu missiyanı üzərlərinə götürən gənclər buna nail olmağı bacardılar.“Azxeber.com” informasiya portalının yaradıcıları – Əfsələddin Ağalarov və Hacıbəy Heydərlini nəzərdə tuturam. Bu gün həmin gənclərdən biri-portalın baş redaktoru, təsisçisi, Bakı Dövlət Universiteti və Niderland jurnalistika məktəbinin məzunu Əfsələddin «Mərkəz»in qonağı oldu.Məlumat üçün bildirək ki, “Azxeber.com” informasiya portalı 2010-cu il aprelin 13-də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələri Əfsələddin Ağalarovun və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılıb. Tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumunda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır.- “Azxeber.com” saytını yaratmaq ideyası və zərurəti necə yarandı?- “Azxeber.com” iki tələbənin ideyası əsasında yaranan bir portaldır. Biz portalı yaradanda onun bugünkü durumu barədə fikirləşməmişik. Çünki bizim ən çox üstünlük verdiyimiz ekspromt layihələrdir. Biz gənclərin də marağını nəzərə aldıq və düşündük ki, artıq Azərbaycanda tələbə jurnalistlərin sözünü deyə biləcəyi bir mətbu orqanın olması vacibdir. Çünki bəzən peşəkar jurnalistlər gənc həmkarlarını özfəaliyyət kimi baxırlar. Amma artıq çoxları bilir ki, gənc jurnalistlər də sözünü deməyi bacarır.- Niyə ənənəvi qəzetçiliyi deyil, məhz interneti seçdiniz?- Biz çap xərclərini nəzərə aldıq və düşündük ki, əsas işimiz bu portalı gənclərin tribunasına çevirməkdən ibarət olsun.- Bugünkü informasiya bolluğunda itib-batmaqdan qorxmadınız ki?- Yox, bu gün kifayət qədər internet portalları fəaliyyət göstərir. Onu deyim ki, hətta bizi özlərinə rəqib görənlər də var. Hansı ki, həmin adamlarla mənim heç şəxsi tanışlığım da yoxdur. Bu məni çox sevindirir. İnformasiya bolluğu cəmiyyətində yaşayırıq, portalımız çox böyük informasiya siyasəti yerinə yetirə bilməsə də, müəyyən qədər öz oxucu kütləsini informasiya ilə təmin edə bilir.- İlk olaraq qarşınıza hansı məqsədi qoydunuz?- İlk məqsədimiz o oldu ki, auditoriya yığmalıyıq.- Bunun üçün nədən başladınız?- İlk növbədə digər portallara baxdıq və gördük ki, onlar informasiyanı yayımlamaqla kifayətlənir. Onda vətəndaş jurnalistikanın yarandığı bir ərəfədəydik, sosial şəbəkələr yeni-yeni ortaya çıxırdı. Biz də düşündük ki, belə bir vaxtda mütləq fərqlənməliyik. Biz özümüz də gənc olduğumuzdan gənclərin istəklərindən xəbərdar idik və çalışdıq ki, onların istəklərini təmin edək.- Hər bir media qurumunun tanınmaq və populyarlıq naminə özünəməxsus «fəndləri olur». Bəs siz diqqətlə necə cəlb etməyə çalışırsınız?- “Azxeber.com”-u biz yaradanda qərara aldıq ki, bu gənclərin saytı olacaq. Deyim ki, sayt çox cüzi məbləğ- 15 AZN-lə fəaliyyətə başladı. Bu «Domen» adı almaq üçün başladığımız layihə idi. 2 il ərzində heç bir gəlir güdmədən və heç kimdən bir qəpik gözləmədən tam təmənnasız işə başladıq. Çünki insanlar sevdiyi işlə məşğul olduqda heç nəyi fikirləşmirlər. Düşündük ki, əgər istək varsa, sonradan onsuz da həyat bizə hər şey verəcək. Bu gün medianın durumu da göz qabağındadır. Bir şeyi təəssüflə qeyd etmək istəyirəm ki, KİV-ə dəstək fondu yalnız qəzetlərlə keçinir, amma internet mediyaya heç bir yardım ayrılmır. Götürək Türkiyədəki “Milliyyət” qəzetinin satış tirajı ilə, onun sayta girişinin sayını. Yaxud da «Nyu York Tayms» qəzetinin özünün informasiya saytını. İnsanlar qəzetdən çox saytları izləyirlər.- Ən çox izlədiyiniz saytlar hansılardır?- «ANS-press», «Trend», «Qafqaz.info»-nu izləyirəm. «Musavat», «Azadlıq» qəzetlərinin də saytlarına baxıram, çalışıram balansı pozmayım. «Merkez.az»-ı da oxuyuram.- Bayaq qeyd etdiniz ki, artıq sizi özünə rəqib görənlər var, bəs siz özünüzə hansı saytları rəqib görürsünüz?- Mən təbii ki, büdcəni nəzərdə tutmuram, çünki büdclərimizi yan-yana qoysaq böyük rəqəm fərqi alınar. Biz o saytları özümüzə rəqib görürük, hansı ki, onlar heç kimi «vurmadan», tərəfsiz, qərəzsiz olaraq informasiyanı cəmiyyətə ötürürlər.- Bəlkə daha konkretləşdirək…- «Lent. az», «ANS-press», «Qafqaz.info», «Merkez.az»… İş mühitində rəqabətin olması gözəl şeydir. Bu həm medianın inkişafına kömək edir, həm də cəmiyyətə bolluca informasiya ötürürlər. Rəqabət mütləq olmalıdır.- Reklam bazarında yer almağı planlaşdırmısınızmı?- Mən yaxın dostum və tələbə yoldaşım Hacıbəylə birlikdə bu portalı yaradandan ta bu yana reklam işlərini biz özümüz həll edirik. O qədər reklam danışıqlarına getmişəm ki, bu gün piyar işlərini hətta nəzəri cəhətdən də bilirəm.- Artıq bazarda özünüzə yer eləmisinizmi?- Demək olar ki, bəli. Bizim təhsil sektorunda artıq reklamlarımız var.- Sizcə, niyə bu gün media qurumları biznes strukturuna çevrilə bilmir?- Çünki media qurumlarında ixtisaslaşmış kadrlarlarda qıtlıq var. Konkret marketinq sahəsi bizdə yoxdur.- Yoxdur, yoxsa zəifdir?- «Yoxdur»-demək düzgün deyil, sadəcə, zəifdir. Marketinq sahəsində məşhur olan insanlar gəlib media orqanın marketinq şöbəsində işləmək istəmirlər. Çünki digər ölkələrlə müqayisədə bizdə reklam gəlirləri çox azdır. Məsələn, Türkiyənin «Sabah» qəzetinin gəlirlərini hesablayanda, onların altı ayda əldə etdiyi gəlir Azərbaycanın iki ildə reklam bazarında əldə etdiyi gəlirə bərabərdir. Televiziyaları nəzərdə tuturam. Bu özü də böyük nəticədir. Amma bununla belə düşünürəm ki, marketinq sahəsi mediada olmalıdır ki, media biznes strukturuna çevrilə bilsin.- Bir gənc qurum rəhbəri kimi necə düşünürsünüz, bu gün Azərbaycan mediasının bir nömrəli problemi nədir?- «Mənə heç kəs söz deyə bilməz, mənə heç kəs toxuna bilməz, çünki jurnalistəm»-bu fikir yaşadığımız cəmiyyətdə çox böyük problemlər yaradır. Bir də görürsən jurnalistikaya dəxli olmayan bir adam gəlib bu sahə ilə məşğul olur. Maşının ön şüşəsinə press yazmaqla, mitinqlərdə press köynəyi geyinib polislərə hədə-qorxu gəlmək jurnalist olmaq demək deyil. Təəssüf ki, bu cür hallar da var və belələri jurnalist adına ləkə gətirir.- Xəbərin birbaşa mənbədən alınması məsələsi də jurnalistikamızın yaralı yeridir. Hansı ki, bu gün bir jurnalistin tutalım, bir nazirə birbaşa çıxışı mümkün deyil. Bu fikirlə razılaşırsınız?- Təəssüf ki, bu problemi biz yaşamaqdayıq.Konstitusiyamızın 50-ci maddəsində də qeyd olunur ki, təkcə jurnalistin deyil, hər kəsin məlumat əldə etmək, yaymaq, ötürmək imkanları var. Təəssüflər olsun ki, biz hələ də bu məlumatları oxucu məktublarından, etibarlı mənbələrdən əldə edib ötürmək imkanına malikik. Bu da nə dərəcədə düzgün alınır, deyə bilmərəm. Fikir vermisinzsə, nə qədər mətbu orqan məhkəmə proseslərinə cəlb olunur. Bu da ondan irəli gəlir ki, jurnalist zəng edir nazirin mətbuat xidmətinə, nazir müavininə heç kəs cavab vermir. Jurnalist də məcbur qalıb yazının sonluğunda belə yazır: «əlaqə cəhdimiz alınmadı, amma buna baxmayaraq qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq».- Necə düşünürsünüz, bu mediaya inamsızlıq yaratmır ki?- Əlbəttə gətirir. Cəmiyyətdə jurnalistlərə inam və maraq azalır. Eyni zamanda jurnalistikanın nüfuzuna xələl gətirir.- Bəs Qərb mediasına nədə uduzuruq?- Bəzən media ekspertləri sarı mətbuatın çox yayıldığını deyirlər. Məsələn, bir modelyerin fotosessiyasını verməyin nəyi pisdir ki? Amma bizi açıq-saçıq görüntülər yayımlamaqda qınayırlar.Bu, səhv fikirdir. İstənilən türk və Qərb mediasında bu var.Əgər biz siyasi yazılarımızda Qərb mediasını özümüzə ideal sayırıqsa, elə maqazin xəbərlərini yayımlayanda da onlara oxşamalıyıq. Jurnalist birmənalı şəkildə bilməlidir ki, o müstəntiq deyil. Jurnalist bitərəf olmalı və xəbəri obyektiv, qərəzsiz təqdim etməlidir. Jurnalistin yazıda şərh verməsi doğru deyil. Janrından asılı olaraq, o köşə yazısında öz fikirlərini bölüşə bilər.Bu da qeyri- peşəkarlıqdan irəli gəlir.- Bəs Qərb jurnalisti ilə Azərbaycan jurnalistini fərqləndirən əsas xüsusiyyət hansıdır?- Bizdə jurnalist yaşa dolduqca daha çox karyera barədə düşünür. Qərb jurnalistləri isə tam fərqlidir. 70 yaşlı Qərb jurnalisti Somalidə ekstrimal vəziyyətdə hansısa reportajı hazırlayır, amma bizdə 30-40 yaşdan sonra jurnalistlər karyera barədə düşünür. Qərb jurnalisti üçün peşə ölənə qədərdir. Ola bilsin, bu maddi durumla da bağlıdır. Bəlkə Qərb jurnalisti daha rahat və maddi təminatlıdır, amma bizdə belə deyil. Qərb jurnalistləri jurnalistikadan tramplin kimi istifadə etmirlər. Sadəcə sevdikləri işlə məşğuldurlar və jurnalistika onlar üçün həyat tərzidir. "Mərkəz" qəzeti