Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? - Araşdırma

Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? - Araşdırma
SOSİAL
23:20 24.06.2026
277
Almaniyanın Yulix Tədqiqat Mərkəzinin mütəxəssisləri yuxusuzluğun beyin fəaliyyətinə təsiri ilə bağlı əhəmiyyətli faktlar aşkarlayıblar. Tədqiqatçıların qənaətinə görə, cəmi bir gecə oyaq qalmaq beyindəki sinir hüceyrələri arasında əlaqələrin güclənməsinə səbəb olur.

Bu proses yuxunun beynin normal balansını bərpa etmək üçün nə dərəcədə vacib olduğunu növbəti dəfə sübut edir. Elm adamlarının gəldiyi nəticələr nüfuzlu "PLOS Biology" jurnalında işıq üzü görüb.

İnsan oyaq olduğu müddətdə beyin davamlı şəkildə yeni məlumatları emal edir, xatirələr formalaşdırır və ətraf mühitə uyğunlaşır. Sözügedən fəaliyyət neyronlar arasındakı siqnalları ötürən sinapsların, yəni təmas nöqtələrinin bərkiməsi ilə müşayiət olunur. Lakin bu əlaqələrin həddindən artıq güclənməsi orqanizmdən böyük enerji tələb edir və sinir sisteminin işini çətinləşdirir.

Elmi iddialara görə, beyin yuxu zamanı həmin əlaqələri yenidən tənzimləyir, onların bir qismini zəiflədir və sistemi tarazlıq vəziyyətinə qaytarır. İndiyədək bu fərziyyə əsasən heyvanlar üzərində aparılan sınaqlarda təsdiqini tapmışdı.

Yeni elmi iş çərçivəsində mütəxəssislər nəzəriyyəni insanlar üzərində yoxlayıblar. Eksperimentdə qırx könüllü iştirak edib və onların yarısı gecəni tamamilə yuxusuz keçirib. Pozitron-emission tomoqrafiya üsulunun köməyilə beyindəki sinapsların sayını göstərən "SV2A" zülalının səviyyəsi ölçülüb.

Təxminən iyirmi səkkiz saatlıq fasiləsiz oyaqlıqdan sonra yuxudan məhrum qalan şəxslərdə bu zülalın miqdarının artdığı müəyyən olunub. Artım beynin yaddaş formalaşdırılmasına cavabdeh olan hippokamp və məlumat ötürülməsini tənzimləyən talamus kimi vacib nahiyələrində qeydə alınıb.

Daha sonra könüllülərə iki saat yatmaq imkanı verilib. "SV2A" zülalının səviyyəsi ən yüksək olan şəxslərdə dərin yuxu fazasının göstəricisi sayılan yavaş dalğalı aktivlik daha qabarıq formada müşahidə edilib. Bu da orqanizmin istirahətə olan ciddi tələbatından xəbər verir.

Mütəxəssislər qeydə alınan dəyişikliklərin nisbətən kiçik miqyaslı olduğunu və sözügedən zülalın sinaptik əlaqələrin sayını dolayı yolla əks etdirdiyini bildirirlər. Bununla belə, araşdırma yuxu çatışmazlığının neyron şəbəkələrinin strukturunda ölçülə bilən dəyişikliklər yaratdığını nümayiş etdirir. Əldə olunan nəticələr beynin sağlam fəaliyyəti üçün yuxunun əvəzedilməz rolunu növbəti dəfə sübuta yetirir.

/demokrat.az
OXŞAR XƏBƏRLƏR