Bəzi ikinci əl avtomobillər ucuzlaşacaq

Bəzi ikinci əl avtomobillər ucuzlaşacaq
SOSİAL
11:18 10.11.2026
39
Azərbaycanda rəsmi dilerlərin satdığı bəzi ikinci əl avtomobillərə əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Layihə qəbul edilərsə, həmin avtomobillərin qiymətinin azalmasına imkan yarana bilər.

Bu barədə "Xəzər Xəbər”in reportajında məlumat verilib.

Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Məsələn, diler avtomobili 20 min manata alıb 22 min manata satarsa, verginin hesablanmasında 2 min manatlıq fərq əsas götürüləcək.

Deputat Vüqar Bayramov bildirib ki, təklif rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi, istehsal tarixindən beş ildən artıq keçməyən ikinci əl avtomobillərin fiziki şəxslərə satışını əhatə edəcək. Güzəştin üç il müddətində tətbiqi nəzərdə tutulur.

Deputatın fikrincə, vergi yükünün azalması alıcılara daha sərfəli qiymətlərlə avtomobil təklif edilməsinə şərait yarada bilər.

Bununla belə, vergi güzəşti qiymətlərin avtomatik ucuzlaşması demək deyil. Alıcıların nə qədər qənaət edəcəyi satıcıların qiymət siyasətindən və bazardakı rəqabətdən asılı olacaq.

Layihə qəbul olunarsa, dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR