Son illərdə Azərbaycanda eyni vaxtda bir neçə işdə çalışan şəxslərin sayı diqqət çəkir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda 79 minədək şəxsin iki və daha çox aktiv əmək müqaviləsi var.
İnsanların eyni vaxtda bir neçə işdə çalışması ölkədə əmək bazarı, əhalinin gəlirləri və həyat səviyyəsi ilə bağlı müəyyən suallar yaradır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, bu göstərici əmək bazarındakı real vəziyyəti tam əks etdirməyə bilər:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd etdiyi 79 minədək şəxsin iki və daha çox aktiv əmək müqaviləsinin olması göstəricisinə istinad edərək bildirmək istəyirəm ki, əslində qeyd olunan say yalnız rəsmi əmək müqavilələrini əhatə edir. Əmək müqaviləsi olmayan, paralel olaraq kənd təsərrüfatı sektorunda çalışan, pensiya yaşında olub ikinci işdə işləyən, hətta üçüncü işdə çalışıb əmək müqaviləsi olmayan şəxslərin də sayı kifayət qədərdir. Özəl müəssisələrdə ciddi yoxlamalar aparılsa, bu statistik rəqəm tamamilə dəyişə bilər”.

G.Hüseynovanın sözlərinə görə, insanların eyni vaxtda bir neçə işdə çalışması əmək bazarında digər problemləri də üzə çıxarır:
"İnsanların eyni vaxtda bir neçə işdə işləməsi məsələsinə gəldikdə, görünməyən tərəf odur ki, bu kimi hallar ölkədə işsizliyin səviyyəsinin yüksəlməsinə də təsir edir. Yəni gənc kadr iş tapa bilmir, orta yaşlı və ya yaşlı şəxs isə kreslosundan və ya kürsüsündən möhkəm yapışıb. Əsasən özəl müəssisələr az məvacib ödəmək üçün orta yaşlı və ya pensiya yaşına çatmış şəxsləri müəyyən işlərdə çalışdırırlar. Məsələn, hansısa müəssisədə xadimə və ya aşpaz köməkçisinin 70-ə yaxın yaşı var. Onun əmək müqaviləsinin olub-olmaması isə bəlli deyil. 35-40 yaşında gənc işsiz qalarkən müəyyən yaşda şəxslərin işə götürülməsi onu deməyə əsas verir ki, həmin şəxs az əmək haqqı müqabilində işlədilir”.
İqtisadçı qeyd edib ki, oxşar vəziyyət ali təhsil müəssisələrində də müşahidə olunur:
"Ali təhsil ocaqlarında da universitetdə dərs deyən və pensiya yaşını keçmiş şəxslər var. Əslində bununla bağlı bir çox nümunə göstərmək olar. Yəni qısacası, ikinci işdə çalışanlarla yanaşı, işsiz ordusu da artır”.
G.Hüseynova insanların bir neçə işdə çalışmasının gəlir və həyat səviyyəsi ilə də əlaqəli olduğunu vurğulayıb:
"Həyat səviyyəsi və insanların gəlirləri baxımından məsələyə gəldikdə, kredit və digər borclarını ödəmək naminə ikinci işdə çalışanlar da kifayət qədərdir. Əgər şəxsin gəlirləri onun borc və ya həyat standartlarını qarşılamağa kifayət etsəydi, həmin şəxs əlavə işdə işləmək məcburiyyətində qalmazdı. Lakin yuxarıda qeyd etdiyim, hər hansı bir öhdəliyi olmayıb əmək bazarını zəbt edənlərin sayı da kifayət qədərdir”
Fəridə Əsədzadə












































